Prezident İlham Əliyev: Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik
Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bunu Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”.