Erməni əsir: “Erməni xalqına müraciət edirəm: Bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil” - VİDEO
“Mən erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Ordusuna əsir düşmüş erməni əsgər Valeri Aşotoviç Ayrapetyan erməni xalqına müraciətində deyib.
1997-ci ildə Xankəndində anadan olduğunu bildirən V. Ayrapetyan 2014-2016-cı illərdə hərbi xidmətdə olduğunu, hərbi xidmətdən sonra ölkədə aldadıldıqlarını gördükdən sonra ailəsi ilə Moskvaya köçdüklərini söyləyib: “Moskvada anbarda yükdaşıyan işləyirdim. Sentyabrın 1-də vizamın müddətini artırmaq üçün Xankəndinə gəldim. Bu zaman Dağlıq Qarabağda hərbi əməliyyatlar başladı.
Qarabağın Ermənistan torpağı deyil, Azərbaycan torpağı olduğunu anladığımdan mən döyüşə getmək istəmirdim. 28 sentyabr tarixində mənə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və heç yerə getmədim. Bir gün sonra - 29 sentyabrda 3 nəfər bizə gəldi. İkisinin əlində avtomat vardı, biri isə zabit idi. Zabit səfərbərlik elan edildiyini söylədi və çağırışdan boyun qaçıracağım təqdirdə həbs ediləcəyimi bildirdi. Mən onlarla birlikdə getdim. Orada təxminən 40 nəfər olardı, iki hərbi avtomobil ayrılmışdı. Onlardan əvvəlcə hara getdiyimizi soruşdum. Dedim ki, ön xəttə getməyəcəyəm, döyüşməyəcəyəm. Onlar mənə döyüşməyəcəyimi bildirdilər, əlavə etdilər ki, 3-4 gün ərzində üçüncü xətdə olacam, bundan sonra isə məni dəyişəcəklər və Xankəndinə gedəcəm. Mən razılıq verdim və bizi hərbi maşınlarda Hadrutda ön xəttə gətirdilər. Zabit dedi ki, biz geri çəkilməliyik. Orada demək olar 400 nəfər var idi. Biz Füzuli tərəfdə idik, atəş altına düşdük. Mən dərhal qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm. Ona görə də ancaq güllədən və müharibədən qaçmaq qalır. Mənə 8 nəfər də qoşuldu. Biz dağlarla getməyə başladıq. Hara getdiyimizi və bundan sonra nə edəcəyimizi bilmirdik. Növbəti gün, artıq hava işıqlaşanda, yuxudan oyananda azərbaycanlı hərbçilərin səsini eşitdim. Həmin vaxt onlar nə isə deyirdilər. Biz dedik ki, döyüşmək istəmirik. Çünki bura bizim torpağımız deyil, bizi bura məcburi şəkildə gətiriblər. Biz indi də heç nə istəmirik, təslim olub, sadəcə yaşamaq istəyirik. Onlar bizi əsir götürdülər. Bizi sonra gətirdilər və düşünürəm ki, indi hər şey yaxşılığa doğru gedir”.
Erməni əsir erməni xalqına müraciətində övladlarını müharibəyə göndərməməyə çağırıb: “Oğlan uşaqlarını, kişiləri boş yerə ölmək üçün müharibəyə göndərməyin. Əvvəllər olduğu kimi, Azərbaycanın tərkibində olan Qarabağda daha yaxşı yaşamaq mümkündür. Azərbaycanlılar və ermənilər qonşuluq şəraitində yaşayıblar. O zaman hər şey yaxşı idi. Mən indi əsirlikdəyəm. Mənimlə burda çox yaxşı rəftar edirlər. Mən bu münasibəti görüb sizə müraciət edirəm ki, düşünmək lazımdır, başa düşmək lazımdır. Bu qədər insanı boş yerə həyatdan məhrum etmək lazım deyil”.