Prezidentin köməkçisi: Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır

A- A A+

Ermənistanın öz ərazisindən Azərbaycan Ordusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Bu hallar Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Kürdəmir, Siyəzən, Qəbələ, Xızı və digər şəhərlərinə, mülki insanlara və mülki obyektlərə ballistik və reaktiv raketlərlə olan təcavüzkar hücumların davamıdır. Bu il iyulun 12-də Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hücumları da təcavüz aktı kimi qiymətləndirilmişdi.

Bu kimi təcavüzkar aktlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Azərbaycana qarşı gücdən istifadə etməsi Ermənistanın açıq-aşkar Azərbaycana qarşı müharibə apardığını bir daha nümayiş etdirir.

Hərbi təcavüz aktı olmaqla bərabər Ermənistanın bu kimi hərbi avantüraları siyasi təxribat və münaqişənin coğrafiyasının genişləndirilməsi məqsədini daşıyır.

Bununla Ermənistan üzv olduğu siyasi-hərbi təşkilat çərçivəsində digər ölkələrə qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək barədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur.

Azərbaycan Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə məqsədilə hərbi təcavüz və hücum hallarının qarşısını almaq üçün legitim hərbi hədəflərə qarşı atmağa məcbur ola biləcəyi addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: