Şəhidlik zirvəsini fəth edənlər Naxçıvanda son mənzilə yola salındı - VİDEO
Müzəffər Ordumuzla həmrəy olan, ona güvənib arxalanan xalqımızın qəlbinin döyündüyü tək məbəd Qarabağdır. Vətən torpaqları addım-addım, qarış-qarış şəhid qanı ilə öz azadlığına qovuşur. Bu Vətən müharibəsində Naxçıvanın igid, mərd övladları qəhrəmanlıq göstərir, ali məqsəd uğrunda şəhidlik zirvəsini fəth edirlər. Ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olan həmyerlilərimiz Naxçıvanda qarşılanaraq doğma torpaqda son mənzilə yola salındılar.
Şəhid adı ucadan-uca addır, Vətənpərvərlik, cəsurluq, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Bu zirvədə Vətən, torpaq, xalq üçün canından keçən cəsur, qəhrəman, igid oğullarımız dayanır. Vətənpərvərliyin ən ali məqamına – şəhidlik zirvəsinə yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.
Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb. Şəhidlərin dəfn mərasimlərində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.
Həsənov Sadiq Əli oğlu, Cəmiyev Aşur Bəybala oğlu Naxçıvan şəhərində, Babayev Babaxan Əlövsət oğlu, Mədətli Zülal Rəhim oğlu, Məmmədov Elşən Əziz oğlu, Qənbərli Elton Baba oğlu Şərur Şəhidlər Xiyabanında, Məmmədov Ayxan Rəfael oğlu Şərur rayonunun Xanlıqlar kəndində, İsmayılov Abbasəli İmamqulu oğlu Babək rayonunun Qahab kəndində, Məmmədov Şəhriyar Müzəffər oğlu Babək rayonunun Kalbaoruc Dizə kəndində, Hümbətov İmaməddin Muxtar oğlu Babək rayonunun Payız kəndində, Rzalı Daşqın Elşad oğlu və Məmmədov Sahib Yaşar oğlu Culfa rayonunun Yaycı kəndində son mənzilə yola salındılar.
İzdihamlı mərasimlərdə çıxış edənlər şəhidlərin ailələrinə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, onların uğrunda canından keçdiyi hər qarış Vətən torpağının mənfur düşmən tapdağından azad edildiyini bildiriblər. Qeyd edilib ki, 30 il öncə yurd-yuvasından didərgin düşən vətən övladları bu gün bu torpaqlara qələbə toxumu səpir, Cəbrayılda, Zəngilanda, Füzulidə üçrəngli bayrağımızı yüksəldir, Xudafərin körpüsündən zəfər yürüşünə çıxırlar.
Naxçıvan yetirdiyi sərkərdərləri, hərbçiləri, vətənpərvər, cəsur və qəhrəman övladları ilə Azərbaycanın hərb tarixində müstəsna yerə malikdir. Ötən əsrin 90-cı illərində müstəqilliyimizin əsasları ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulduğu kimi, Azərbaycanda ilk nizami ordu da Naxçıvanda yaradılmış, ilk hərbi parad keçirilmiş, üçrəngli bayrağımız 70 il sonra Naxçıvan Ali Məclisində qaldırılmışdır. Naxçıvanın Azərbaycanın dövlətçilik və hərb tarixində mühüm yerə malik olan şərəfli missiyası bu gün də davam edir. Vətənimizin ərazi bütövlüyü uğrunda ulu babalarımızın qəhrəmanlıq yolunu davam etdirən Naxçıvan gəncləri bacarıqlı komandir və əsgərlər kimi Qarabağda zəfər dastanı yazırlar. Elə ona görə də, şəhidlərimizin qəhrəmanlıqları doğulub boya-başa çatdıqları Naxçıvanda böyük qürur və iftixar hissi oyadır.
Vətən müharibəsində şəhid olan həmyerlilərimizin qəhrəmanlığı bir daha sübut etdi ki, 1998-ci ildə ulu öndərimiz tərəfindən Naxçıvanda hərbi liseyin əsasının qoyulması Vətənimizin bütövlüyü, müstəqilliyimizin qorunması uğrunda atılmış ən mühüm addımlardandır. Burada təhsil alan kursantlar peşəkar zabitlər kimi indi ön cəhbədə ən mürəkkəb döyüş əməliyyatlarına uğurla başçılıq edirlər, yüksək vətənpərvərlik nümunəsi göstərərək, qəhrəmanlıq dastanı yazırlar.
Şəhidlərimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, üçrəngli bayrağımız şəhidlərimizin doğmalarına əmanət edilib.
Vətənin qeyrətini çəkənlərin, onun uğrunda canını qurban verənlərin adları və şücaətləri daim yaddaşlarda yaşayır. Qoy düşmən bilsin ki, bir ölüb min dirilən oğullar bu gün cəbhəyə atılmaq, qardaşlarının qisasını almaq üçün əmr gözləyir. Ali Baş Komandanımızın da dediyi kimi: “Biz onların cavabını döyüş meydanında veririk... Şəhidlərimizin, günahsız insanlarımızın qisasını döyüş meydanında alırıq və alacağıq".
Bu gün bütün Naxçıvan üçrəngli bayrağımızın rənglərinə bürünüb. Bu bayraq şəhidlərimizin, qəhrəman oğulların sayəsində ucalır, dalğalanır, onların şücaəti sayəsində Qarabağa, Şuşaya, Laçına yol alır.
Vətən sağ olsun, Yaşasın doğma Vətənimiz və şanlı ordumuz. Qarabağ Azərbaycandır!
Nurlana Əhmədova