Mövzuya giriş, yaxud tarixə qısa baxış...
Tarixi proseslər sübut edir ki, Cənubi Qafqaz çox ciddi coğrafi-strateji əhəmiyyətə malikdir. Avropa və Asiyanın qovşağında yerləşməsi, Yaxın Şərqə çıxış üçün ən əlverişli yolun məhz burdan keçməsi Cənubi Qafqazın həm geosiyasi, həm də geostrateji əhəmiyyətini bir daha təsdiq edir. Bu mənada Cənubi Qafqaz əksər dövrlərin “böyük güclərinin” işğalçılıq və möhkəmlənmə siyasətinin tam mərkəzində dayanıb. Bu güclər sırasında ABŞ, İngiltərə, Fransa, Rusiya və başqalarının adını çəkə bilərik. Ancaq bu siyasətin vacib həqiqət payı isə imperialist dövlətlərin Cənubi Qafqaz məsələsində həmişə “erməni maşası”ndan istifadə etməsidir. Burada əsas amillərdən biri ermənilərin də qarşılıqlı şəkildə onlardan faydalanaraq “Böyük Ermənistan” yaratmaq niyyəti, digəri isə regionda güc sahibi olan türk xalqlarının sıxışdırılmasıdır. Hansı ki, ikinci səbəb ermənilərlə yanaşı “böyük güclərin” də siyasi maraqları çərçivəsindədir. Bu məqamda bir atalar sözümüz tam yerinə düşər: sən saydığını say, gör fələk nə sayır...
Suya düşən xəyallar
Bu gün ermənilər Şərqi Anadolunu “Qərbi Ermənistan”, Qərbi Azərbaycanı isə “Şərqi Ermənistan” deyə adlandırırlarsa, bunun da təməlində onların yarım qalan “röyaları” dayanır. XX əsrin əvvəllərində dənizdən-dənizə “Böyük Ermənistan” röyası ermənilərə çox şirin gəlirdi. Ancaq onlar bilmirdilər ki, bu şirin röya onlar üçün acı kabusa dönəcək. Böyük güclərin kiçik aləti olan ermənilər xüsusi canfəşanlıqla “Sevr” (1920) müqaviləsinin gerçəkləşməsini gözləyirdilər. Çünki müqavilənin şərtlərinə görə türklər Bitlis, Ərzurum və Vanın bir hissəsinin ermənilərə verilməsinə göz yummalı, hətta Trabzonun Gürcüstan və Ermənistan arasında bölünməsilə barışmalı idi. Belə olan halda ermənilər Qara dənizə çıxış imkanı əldə edəcəkdilər. Ancaq böyük güclər tərəfindən erməni xislətinin bətninə atılan bu xülya ermənilərin elə bətnindəcə boğuldu. Çünki bu müqavilə, təbii ki, türklər tərəfindən əsla qəbul oluna bilməzdi və olunmadı da. Daha sonra ard-arda tarixə damğa vuran bir sıra müqavilələr (Moskva-1921, Qars-1921, Lozanna-1923) ermənilərin boş xəyallarını suya düşürdü. Deməli, çox haqlı deyilmiş bir fikirdir: “Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər”. (Pifaqor)
Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz
XX əsrin əvvəllərindən başlayaraq Rusiyadan güclü dəstək alan ermənilər bir sıra əzəli türk torpaqlarında möhkəmlənə bildilər. “Qoy özümə yer edim, gör sənə nə edirəm” prinsipi ilə daha da şirniklənən ermənilər Azərbaycanla bağlı daha geniş ərazi iddiaları irəli sürdülər. Daha sonra S.Şaumyanın Qafqazın fövqəladə komissarı təyin olunması ilə Cənubi Qafqazda türk və müsəlmanların tarixən sıx yaşadığı İrəvan, Naxçıvan və Qarabağ torpaqlarına ərazi iddiaları irəli sürərək təcavüzə başladılar. Üstəlik bu təcavüz təkcə ərazi iddiası ilə qalmadı. Onlar soyqırım cinayətləri törətməkdən belə çəkinmədilər. Amansızca etnik təmizləmə siyasəti həyata keçirdilər. Bu coğrafiyada demoqrafik böhran yaratmaqla erməniləşdirmə planlarını açıq-aşkar həyata keçirməyə başladılar. Əlbəttə, bu siyasət erməni havadarlarının da köməyi ilə XX əsrin sonlarına qədər davam etdi.
90-cı illərdə Azərbaycanda yaşanan siyasi böhran, daxili çəkişmələr, vahid ordu komandanlığının olmaması, eyni zamanda Rusiyanın milli müstəqilliyimizə görə bizdən intiqam alması, səriştəsiz rəhbərlik, “itlə yoldaşlıq et, çomağı yerə qoyma” deyimini unutmağımız və daha nələr-nələr nə yazıq ki, pusquda yatan qəvi düşmənə meydan verdi. İllərdir çirkab niyyətlərini içlərində gizlədən ermənilər Dağlıq Qarabağı işğal planını həyata keçirməyə başladılar. Beləliklə 90-cı illər 20 yanvar faciəsi, dədə-baba torpaqlarımızın itirilməsi, Xocalı soyqırımı ilə bütöv bir xalqın taleyinə yazıldı.
Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.
Ulu öndər Heydər Əliyev
Deyirlər ki, tarix təkrar olunur. Biz bunu daha yaxşı bilən və görən xalqıq. Çünki başı dəfələrlə bəlalar çəkmiş xalqımız öz külündən köz, közündən atəş olmağı həmişə bacarıb. Uçurumun tam kənarında dayanan Azərbaycan zərərin hamısından döndü. Döndü, nə döndü; sürətli və hərtərəfli inkişafa. Əlbəttə, burda Tanrının bir lütfü də var idi. Çünki xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Ümumilli liderin qayıdışı ilə xalq düçar olduğu bəlalardan xilas oldu, rahat nəfəs almağa, durub düşünməyə macal tapdı.
“Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olumuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”, – deyən ümumilli lider hakimiyyət illərinin hər anında bu məsələni ən vacib məsələ hesab etmiş və bu uğurda ciddi addımlar atmışdı. Talenin daha bir lütfü isə məqsədyönlü siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi idi. Ölkə prezidenti də Dağlıq Qarabağ düyününün açılması istiqamətində tale yüklü addımlar atdı. Milli məsələmizin, haqq səsimizin dünyaya çatdırılması istiqamətində mühüm nəticələr əldə olundu. Qətrə-qətrə, misqal-misqal, addım-addım məsələnin köklü həllinə zəmin yaradıldı.
Zaman hər şeyin dərmanı deyilmiş
Sağalmayan yaralar belə zamanla sağalar deyirlər. Ancaq bu fikir müdrik xalqımız üçün, xüsusilə Qarabağ yarası üçün uyğun olan fikir olmadı. Zaman Qarabağı xalqımıza unutdura bilmədi. Biz dövlət və millət olaraq məsələnin sülh yolu ilə həllini gözlədik. Bunun üçün bu qədər zaman ötdü. Ancaq zaman o zaman deyildi.
Ötən zaman ərzində keçmiş erməni rəhbərləri ilə müəyyən danışıqlar olsa da, bəzi nəticələrə varılsa da, Paşinyanın rəhbərsizliyi bütün danışıqlara son qoydu. “Qarabağ Ermənistandır” röyasının kabusu Nikol Paşinyanın qismətinə düşdü. Artıq səbrin son anı, son məqamı yetişmişdi. Ötən bu zaman, bu səssizlik qopacaq fırtınadan öncəki səssizlik idi. Xalqın milli təəssüb hissi ilə yanıb tutuşan rəhbəri qətiyyətlə: “Qarabağ Azərbaycandır!”, - dedi. Dedi və ətrafında bir yumruq kimi birləşən xalqının 30 illik həsrətinə son qoymağa başladı.
Daha itlə yoldaşlıq vaxtı yox, iti qovan vaxtımızdı
27 sentyabr tarixindən başlanan əks-hücum əməliyyatları tezliklə “yenilməz Ermənistan ordusu”, “cəsur ermənilər” mifini yerlə yeksan etdi. Mərdanə döyüşdən qaçan düşmən xeyli sayda itki verdi. Çarəsiz qalan rejim çıxış yolunu mülki əhaliyə hücumda gördü. Bununla da guya xalq arasında qorxu, təşviş yaratmağa nail olacaqdı. Ancaq tam əksi ilə qarşılaşdı. Çünki onlar illərdir uydurduqları yalana o qədər qapılmışdılar ki, hətta özləri belə inanmışdılar. Əgər ermənilər məntiqli düşünməyi bacarsaydılar bu yola əl atmazdılar. Onların diqqətə almadığı bir məqam var idi; nə Azərbaycan 90-cı illərdəki Azərbaycan idi, nə rəhbər 90-cı illərin işğal dönəmindəki rəhbər idi, nə ordu həmin ordu idi, nə də xalq həmin dövrün abu-havasındakı xalq idi.
Bütün yollar Qarabağa aparır
Müstəqil, inkişaf etmiş, güclü Azərbaycan Qarabağ məsələsinin həllində ard-arda tarixi uğurlara imza atır. Müzəffər ordumuz artıq öz doğma torpaqlarını işğaldan azad edir. Gələcək nəsillərə örnək, şanlı tarix yazır. Məsələnin həllinə qədərki mərhələdə və hazırda bütün istiqamətlərdə uğurlarımız saysız-hesabsızdır.
İstər milli mübarizənin əsas komponentlərindən olan media savaşında, istər hərbi-taktiki manevralarda, istər xalqın milli, psixoloji ruh yüksəkliyində, istər ordunun əzm və rəşadətində, haqq mövqeyində, xarici siyasətdə və daha adını çəkmədiyimiz bir çox istiqamətlərdə.
Bu gün ermənilər arxa cəbhədə hərbi qulluqçuları qaçmasın deyə postlar qurduğu halda, bizim arxa cəbhədə, ehtiyac olmasa belə, döyüşə can atan minlərlə könüllülər dayanıb. Ermənilər mülki əhalimizi hədəfə aldıqları halda, biz döyüş meydanında misli ilə intiqam alırıq. Onlar gündə bir obrazla dünya mediasında saxta məlumat yayıb özləri özlərini ifşa etdikləri halda, Ali Baş Komandanımız qətiyyətli və tarixi faktlara əsaslanan çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Ali Baş Komandanımızın dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələr, xalqın bağrından qopan ifadələri dilə gətirməsi sonsuz sevgi ilə rəhbər-ordu-xalq birliyinə səbəb olub. Bu gün Azərbaycan, bəlkə də, tarixdəki həmrəyliyinin ən pik həddini yaşayır. Yazımızın əvvəlindən sadaladığımız bütün məqamlar bizi addım-addım Qarabağa aparır.
Bir məqama da toxunaq ki, ön cəbhədə öz canları, qanları bahasına tarix yazan qəhrəman vətənin qəhrəman övladları təkcə torpaqlarımızı iblis əlindən azad etmir, təkcə ərazi bütövlüyümüzü təmin etmir. Adlarını bildiyimiz və bilmədiyimiz vətən övladları həm də milli heysiyyətimizə toxunan düşmənə kimin kim olduğunu göstərir, şəhidlərimizin qisasını alır, işğal altında qalan məzarları, bu məzarlarda narahat uyuyan ata-babalarımızın ruhlarını azadlığa qovuşdurur, həsrətdən beli bükülən ağsaqqallarımıza “mən artıq qaçqın deyiləm” dedirdir, analarımızın intizar içində qalan gözlərindən sevinc göz yaşları axıdır. Qısası Azərbaycanın mərd oğulları sübut edir ki, bir məmləkətin və ya bir millətin böyüklüyü onun əhalisinin sıxlığından, yaxud hüdudlarının genişliyindən asılı deyil. Bir millətin böyüklüyü onun hüdudlara sığmayan vətən sevgisindən asılıdır. Elə bu hüdudsuz sevgi ilə bütün cığırlar Qarabağa gedən yola birləşir. O yol ki, öndə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandan dayanıb.
Əhməd Əhmədov
Naxçıvan televiziyasının əməkdaşı