Anar Eyvazov: Azərbaycan Ordusunun bölmələri növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bölmələri oktyabrın 26-sı saat 08.00-dan qüvvəyə minmiş növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 26-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra - saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bir qədər əvvəl - saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub. Atılan üç raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən zərərsizləşdirilib. Ümumilikdə bu gün ərzində Tərtər daxil olmaqla yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Xocalı rayonunun Çanaqçı kəndinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması, o cümlədən Ordumuza məxsus zərbə pilotsuz uçuş aparatının cəbhə xəttində guya məhv edilməsi barədə düşmən tərəfindən yayılan məlumatlar yalandır. Əksinə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.
“Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət edə bilməsi praktiki cəhətdən mümkün deyil. Nizami ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”, - deyə Anar Eyvazov vurğulayıb.