Türkiyə və ABŞ rəsmiləri arasında telefon danışığında Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarından çəkilməsinin vacibliyi qeyd olunub
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O”Brayn arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, telefon danışığında Dağlıq Qarabağ münaqişəsi başda olmaqla Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq, ikitərəfli əlaqələr ətrafında müzakirələr aparılıb.
Söhbət əsnasında Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyətindən bəhs olunub, Ermənistan tərəfinin atəşkəsi pozması və mülki Azərbaycan əhalisini hədəf almaqla etdiyi hücumların beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu vurğulanıb.
Həmçinin uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdən tamamilə çəkilməsi bir daha bildirilib.
Azərbaycanın ərazi bütünlüyünün bərpası istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində gerçək addımlar atmasının vacibliyi vurğulanıb.
Eyni zamanda Suriyanın İdlib bölgəsində son vaxtlar rejim və tərəfdarlarının artan hücumlarının narahatlıq mənbəyi olduğuna diqqət çəkilib. Yeni böhranların ortaya çıxmaması üçün 5 mart tarixli anlaşmanın qorunması və bu razılıq çərçivəsində siyasi həll prosesinin dəstəklənməsi məqsədəuyğun hesab olunub.