Özbəkistan portalları Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi ilə bağlı şərh materialı verib - FOTOLAR
Özbəkistanın “qalampir.uz” və “fikr.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi ilə bağlı şərh materialı verib.
NUHÇIXAN İnformasiya Agentliyi portallara istinadla xəbər verir ki, müsahibədə Ermənistanın təxribatları, Azərbaycanın əks-hücumu, torpaqların bir hissəsinin azad olunması, Gəncə, Mingəçevir şəhərlərinin, digər rayon və kəndlərimizin raket atəşinə tutulması haqqında söhbət açılır.
“qalampir.uz” portalı yazır ki, jurnalistin Azərbaycanda olan müasir hərbi avadanlıqla bağlı sualına dövlət başçısı belə cavab verib: “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur”.
“fikr.uz” portalı yazır ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-lərə açıqlamasında bildirib ki, Ermənistanın mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı dövlət səviyyəsində terroru və müharibə cinayətləri davam edir.
Prezidentin köməkçisi deyib: “Oktyabrın 17-də Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vladimiroviç Gəncəyə bibisigilə qonaq gəlmişdi”.