Prezidentin köməkçisi: Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və bundan sonra da verəcək
Ermənistan tərəfi döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə sahib çıxmaqdan imtina edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan birtərəfli qaydada cəsədlərin qaytarılmasına razılıq verdiyi halda, Ermənistan tərəfi buna razılıq verməyib.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki insanlara atəş açmır. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsi cinayət əməlidir. Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və bundan sonra da verəcək.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan sərhəd zonalarında da təxribatlara əl atır. Sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir. Bu da Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir.