“Müharibə Azərbaycan ərazisində gedir. Bütün dünya, o cümlədən BMT tərəfindən Dağlıq Qarabağ və ətrafı Azərbaycan ərazisi hesab olunur. Prinsipcə, hüquqi və siyasi cəhətdən bu müharibədə heç kəs Azərbaycanın haqqını şübhə altına ala bilməz”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində rusiyalı politoloq, tarix elmlər doktoru Aleksandr Sıtin deyib.
Onun sözlərinə görə, böyük ehtimalla Azərbaycan müharibəni udacaq və Dağlıq Qarabağı yenidən öz ərazisinə qatacaq: “Bundan sonra yeni sual ortaya çıxacaq. Bu sual humanitar məsələlərlə bağlıdır. Dağlıq Qarabağın erməni əhalisi ilə bağlı məsələlərdən söhbət gedir. Ona görə də Azərbaycanın siyasi rəhbərliyinin qarşısında qələbədən sonra ciddi məsələlər dayanır”.
A. Sıtin bildirib ki, Ermənistan tərəfindən guya Qarabağda suriyalı terrorçuların olması, Türkiyə ordusunun vuruşması kimi xəbərlər qəsdən tərəfindən dövriyyəyə buraxılır.
Rusiyalı politoloq Ermənistanın Rusiyanı Qarabağ münaqişəsinə cəlb etmək cəhdlərinə davam etdiyini vurğulayıb: “Təkcə müharibə başlayandan deyil, ermənilər buna qədər də əlindən gələni edib, edir və edəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. Bunun üçün də Ermənistan tərəfindən bu və ya digər yollarla Azərbaycan tərəfində guya radikal-islamçı terrorçuların döyüşməsi, onların Suriyadan Azərbaycan gəlməsi kimi xəbərlər dövriyyəyə buraxıldı. Çünki ermənilər yaxşı bilirlər ki, terrorçu məsələsi Rusiya rəhbərliyi üçün olduqca ağrılı mövzudur. Bundan başqa, Rusiyanı münaqişəyə cəlb etmək üçün Ermənistan Türkiyənin münaqişədə iştirakı məsələsini ortalığa atır, öz ərazisinin Azərbaycan tərəfindən atəşə tutulması üçün çoxsaylı cəhdlər edir. Onların məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi mexanizmlərini işə salmaqdır. Əgər açığını desək, məsələ belədir: Rusiya hazırda əlindən gələni edir ki, bu, baş verməsin. Bu günə kimi, bu, həqiqətən də belədir. Lakin burada bir şeyi nəzərə almaq lazımdır. Azərbaycanın qələbəsi həm Türkiyənin, həm də Azərbaycanın regiondakı gücünü artıracaq. Formal olaraq Rusiya bu gün bu məsələdə düzgün mövqe tutub. Mən özüm, Rusiyanın ümumiyyətlə, bu münaqişəyə müdaxiləsinin əleyhinəyəm. Lakin Rusiyanın erməni lobbisi tərəfindən ilhamlanan informasiya siyasəti başqa cür deyir. Onlar Moskvanın bu münaqişəyə müdaxiləsini tələb edirlər. Bu gün Moskva ancaq humanitar əsaslarla münaqişəyə müdaxilə edir. Bəyanatlarında atəşkəsə əməl etməyə, insanların həlak olduğuna işarə vurur”.
A. Sıtin Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı cəbhədə göstərdiyi hərbi üstünlüklərdən də danışıb: “Mən Azərbaycanın bu müharibədə göstərdiyi iki şeyə heyranam. Birincisi, Azərbaycan bu 30 il ərzində, heç kəsə heç nə demədən yüksək döyüş qabiliyyətli ordu yarada bilib. İkincisi, əlbəttə ki, Azərbaycanın siyasi qərarlar səviyyəsində bütün hərbi əməliyyatların ancaq Qarabağ ərazisində aparılmasına nail olmasıdır. Bu, sözsüz ki, böyük layiqli işdir”.
Rusiyalı ekspert Dağlıq Qarabağ müharibəsində Rusiyanın dəstəyindən məhrum olan ermənilərin Rusiya Federasiyası ərazisində terrora əl atacağı ehtimalının böyük olduğunu qeyd edib: “Sözsüz ki, onlar bu cür təxribatlara əl atacaqlar. Ona görə ki, terror Rusiya üçün olduqca həssas mövzudur. Çeçenistandan sonra doğum travması kimi bu Rusiya üçün qalıb. Ona görə də, ermənilər təxribatlara əl atıb, hərbi yolla da olmasa, Moskvanın siyasi yolla bu münaqişəyə müdaxilə etməsinə cəhd edəcəklər”.
A. Sıtin münaqişəyə üçüncü tərəflərin yalnız bir halda müdaxilə etmək ehtimalının olduğunu diqqətə çatdırıb: “Bu, Dağlıq Qarabağdakı münaqişənin arealının genişlənməsi halında mümkündür. Lakin bu gün gördüyümüz kimi münaqişə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış konkret ərazisində gedir. Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkələrin siyasi mövqeləri artıq cızılıb və Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpağını geri qaytarır. Ona görə də, çətin ki, Dağlıq Qarabağa görə, hansısa ölkə öz mövqeyindən geri çəkilib, münaqişəyə müdaxilə etsin”.
Rusiyalı politoloq ölkəsindəki erməni lobbisinin Rusiyanın xarici və informasiya siyasətinə təsir qüvvəsinə də toxunub: “Ermənilər kasıb ölkə olsa da, diasporu çox varlıdır. Birinci məqam budur. İkinci məqam isə erməni lobbisinin Rusiyadakı nüfuzudur. Bu heç kəsə sirr deyil. Üçüncü məqam, Rusiyanın bu gün silah alveri ilə məşğul olmasıdır. Məncə, Moskva üçün fərqi yoxdur, kimin pulu var, ona silah satır. Rusiyanın hərbi sənaye kompleksi elə qurulub ki, hər kəsə silah sata bilər. İnternetdə bir çarx var. Orada MGİMO-nun məşhur professoru Andranik Mqranyan çıxış edir. O, Rusiyadakı erməni lobbiçilər barədə danışır. Konstantin Zatulinin, Vladimir Poznerin adlarını çəkir. Mən Zatulini tələbəlik illərindən tanıyıram. Onunla bağlı hər şey aydındır. O ki, qaldı Poznerə, o, Fransada doğulub böyüyüb. Başqa hansı cür mövqeni tuta bilər ki?! Fransa ən qatı ermənipərəst ölkədir. Bu faktdır. O ki, qaldı siyasi tok-şoulara, xatırladım ki, bu tok-şoular Rusiya auditoriyasına hesablanıb. Bu tok-şoular analitik siyasi proqramlardan çox fərqlənir. Təəssüflər olsun ki, bu gün Rusiya kanallarında siyasi-analitik proqramlar yoxdur. Bu tok-şoular ona hesablanıb ki, maraqlı olsun və onlara rusiyalı izləyici baxsın. Təkcə Azərbaycan-Ermənistan münaqişəsi Rusiya ictimaiyyətini maraqlandırmayacaq, publikanı Rusiya üçün təhdidlər maraqlandırır. Başa düşüləndir ki, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə Rusiyanı təhdid etmir və Rusiya ictimaiyyətini maraqlandırmır. Ona görə də, tok-şoularda bu vəziyyət genişləndirilir, Türkiyə, ABŞ və Qərb mövzuları ortalığa atılır. Tok-şouların məntiqi bundan ibarətdir. Mən də həmin tok-şoularda daha çox ermənipərəst mövqenin dəstəkləndiyini müşahidə edirəm. Baxmayaraq ki, Rusiyada Ermənistan və Azərbaycana olan simpatiyanın səviyyəsi fərqlidir. Artıq Rusiya cəmiyyətində bir çoxları mövcud erməni təsirindən narazıdır. Deyim ki, koronavirusla bağlı sərhədlər bağlı olduğuna görə, çoxları Soçidə olub, ora istirahətə getmişdi. Orada yaşayan ermənilərin təsir qüvvəsini şərh etməyə ehtiyac görmürəm. Anlaşılandır ki, bütün bunlar insanları qıcıqlandırır. O ki, qaldı tok-şoularda ermənipərəst mövqenin nümayiş olunmasına, əlbəttə ki, burada erməni lobbisinin əli var. Açıq-aydın bu prosesin iştirakçıları arasında çoxlu sayda ermənilərin olduğu görünür. Bir məsələni də deyim ki, bu gün erməni və ya ermənipərəst ekspertlər mənimlə açıq müzakirəyə girməkdən çəkinirlər. Onlar ancaq hədələyə və qarğış edə bilirlər. Hansı ki, mən bunu zəiflik əlaməti hesab edirəm”.