Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda, Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb. Nazir münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib. Ceyhun Bayramov, həmçinin həmsöhbətinə Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında itkilər barədə məlumat verib.
ABŞ dövlət katibinin müavini Stiven Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirib, mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, gərginliyin azaldılması və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.