Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölənlər və yaralılar var. Azərbaycan Ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 28-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək. Təkcə Bərdəni deyil, ötən müddət ərzində humanitar atəşkəs rejimini kobud şəkildə pozan düşmən Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən və işğal edilmiş ərazilərdən cəbhənin müxtəlif istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və cəbhəboyu bölgəyə yaxın yaşayış məntəqələrimizi artilleriya qurğularından, o cümlədən “Smerç” və “Qrad” tipli yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub. Bundan başqa, Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində hücuma cəhd edən düşmən bölmələrimizin qətiyyətli zərbəsi ilə itki verərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin xeyli sayda canlı qüvvəsi, bir neçə döyüş texnikası, o cümlədən “Osa” tipli zenit raket kompleksi, “Konkurs” tipli tank əleyhinə raket kompleksi, 3 “Qrad” tipli yaylım atəşli reaktiv sistemi, 2 “Qiasint” topu, 12 artilleriya topu, minaatan və 6 avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün rəsmi “Twitter” hesabında qeyd etdiyi kimi, həyata keçirilən tədbirlər nəticəsində Qubadlı, Zəngilan və Füzuli rayonlarının ümumi olaraq 13 kəndi azad olunub.
“Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina edirlər. Düşmənin ordu rəhbərliyi şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün 2000 nəfərdən ibarət heyətin toplanması barədə göstəriş verməsinə baxmayaraq, heç 300 nəfəri də yığa bilməyiblər. Eyni zamanda, düşmən bölmələrində ərzaq, silah, sursat və nəqliyyat vasitələrinin çatışmazlığı kəskin olaraq özünü büruzə verib.
“Düşmən bilməlidir ki, Azərbaycanda dövlət –xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz. Humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələri ordumuz tərəfindən darmadağın edilib. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.