Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə cavab çağırışı etdi: Dağlıq Qarabağı tanıyın, bu gün tanıyın
Onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər. Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.
“Onların siyasətinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, - təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, - onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bütün tarixboyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər”, - deyə dövlətimizin başçısı qeyd edib.
Qafqaz regionunda tarixən erməni etnosu olmadığını bildirən Prezident İlham Əliyev deyib: “Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkrliliklə, necə deyərlər, ilanı başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir”.