Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır

A- A A+

Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü tamam olur.

1919-cu ildən başlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfərin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir. 1923-cü il oktyabrın 29-da isə müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə - 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etmişdir. Ulu öndərimiz deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Bu gün  yüksək səviyyəli əməkdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə yüksəlmişdir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin davamlı inkişafına şərait yaradır. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş ikitərəfli münasibətlərimiz bütün istiqamətlər üzrə genişlənir. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr genişlənir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP  və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.   

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, -  kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Qarşılıqlı bağlar ölkələrimizi həmişə bir-birinə doğma edib. Hazırda qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir.

Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. Ötən il avqustun 15-də Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa hava dəhlizi açılmışdır. Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikanın ali təhsil ocaqlarında yüzlərlə Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Erasmus+ və Mövlana proqramları çərçivəsində Naxçıvan Dövlət Universiteti Türkiyənin 40-a yaxın universiteti ilə tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqaviləsi imzalamışdır. 2017-ci ildə Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlərin tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı yaradılması, eləcə də ötən il Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin istifadəyə verilməsi də ikitərəfli münasibətlərin uğurlu nəticəsidir.

 

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi də məmnunluq doğurur. Ötən il Türkiyənin Qars şəhərində 15 ölkənin iştirakı ilə keçirilən “Qış təlimi-2019” adlı beynəlxalq hərbi təlimdə ölkəmizi Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təmsil etmişdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu il Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilmişdir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdir. Ölkələrimiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: "Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, – fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir".

2020-ci il fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və həmin gün Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə,  regionun  gələcək inkişafı baxımından əhəmiyyətli idi. İclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmiryol nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər, bir sıra mühüm iqtisadi və siyasi tərəfləri ilə yanaşı, Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından da çox əhəmiyyət kəsb edir.

Soy-kök, milli və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə əlaqələri böyük perspektivə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: