NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Azərbaycanlıları Şəbəkəsi oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutulması ilə bağlı məktub və qanunvericilərlə əlaqələndirmə kampaniyasına başlayıb. Şəbəkə tərəfindən hazırlanmış müraciətdə sentyabrın 21-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Bərdə şəhərinə raket və ağır artilleriya zərbələri endirilməsindən danışılır. Qeyd olunur ki, Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məktub kampaniyasında iştirak edən ABŞ-ın Azərbaycan icmasının üzvləri minlərlə məktub göndərib, qanunvericilərə zənglər edib və sosial şəbəkələrdə fəallıq göstərərək Ermənistanın təcavüzü haqqında Amerika ictimaiyyətini məlumatlandırıb.