Ermənistanda bütün sahələrdə dərinləşən tənəzzül müharibə fonunda bu ölkənin ordusunun da durumuna təsirsiz ötüşmür. Orduda əvvəllər də müşahidə olunan pozuntular artıq daha geniş miqyas alıb. Eyni zamanda müharibə N.Paşinyan iqtidarına olduqca baha başa gəlir.
Ermənistanın hücumlarının və təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən effektiv şəkildə alınır. Eyni zamanda düşmənin itkiləri durmadan artır. Çoxminli itkilər isə Ermənistanda əsgər analarının etiraz dalğasının başlanmasına səbəb olub. Hakimiyyət itkiləri gizlətməyə çalışsa da, buna nail ola bilmir. Elə bu səbəbdəndir ki, Ermənistanın hakimiyyətin nəzarətində olmayan media orqanları Paşinyanın kriminal rejimini dezinformasiya yaymaqda ittiham edirlər. Əsgər anaları açıqlanan itki rəqəmlərinə inanmırlar. Onlar hakimiyyəti əsgər itkisinə etinasızlıqda ittiham edir, ölkə rəhbərliyinin indiyə qədər onları aldatdığını bildirirlər.
Elə bu səbəbdən də əsgər anaları növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyada Qarabağda gedən döyüşlərdə həlak olan Samvel Melkunyanın anası deyib ki, həmişəki kimi hökumət itkiləri gizlədir, həlak olmuş əsgərlərin cəsədlərini ailələrinə vermir. "Nəyə görə Azərbaycan torpaqlarına hərbi xidmət keçməyə kasıb, imkansız ailələrin övladları göndərilməlidir? Ümumiyyətlə, bizə Qarabağ lazımdırmı?” - deyə o bildirib.
Qeyd edək ki, işğalçı ordu ötən bir ayda o qədər itki verib, əsgərləri o qədər zərbə alıb ki, yaralıların yerləşdirilməsi üçün Ermənistandakı hospitallarda yer qalmayıb. Hər gün ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir. Valideynlərin bir çoxu Qarabağda xidmət edən övladlarından bir xəbər ala bilmədiklərindən paytaxtdakı morqlara və xəstəxanalara üz tutublar.
Bu arada Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan da hakimiyyəti tənqid edi. Öz açıqlamasında Ermənistanın tarixinin ən biabırçı və dağıdıcı dövrünü yaşadığını deyən Vazgen Manukyan bildirib ki, ölkənin gələcəyi təhlükə altındadır. O, qeyd edib ki, indiki hökumət istefaya getməlidir.
İyirmi bir il bundan əvvəl işğalçı ölkənin parlamentində törədilən terror aktı nəticəsində qətlə yetirilən baş nazir Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyan qeyd edib ki, həmin cinayət Qarabağ məsələsinə görə törədilmişdi. Aram Sarqsyan "Panorama.am” saytına açıqlamasında deyib ki, cəbhədəki hazırkı məğlubiyyət Ermənistanın terror aktına görə cəzalandırılmasıdır: "Çox güman ki, müharibə bizim bu günahımız ucbatından bitmir. Biz Allah qarşısında günah işlətmişik, özümüz özümüzün əleyhinəyik, ona görə də müharibə qurtarmır. Biz bu məsələyə nöqtə qoymağı bacarmalıyıq. Bu problemi daim növbəti nəslə ötürmək düzgün deyil. Bildiyimə görə, müharibə, həqiqətən, müəyyən müddət davam edəcək və belə şəraitdə yaşamağı öyrənmək lazımdır.
Göründüyü kimi, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Gözlənilir ki, cəbhədəki çoxsaylı insan itkiləri ilə əlaqədar vətəndaşlar tezliklə küçələrə axışacaq. Bununla da Ermənistan sonu görünməyən daxili siyasi böhrana qədəm qoyacaq.
Paşinyan isə hökumət strukturlarında kadr dəyişikliklərinə gedərək hələ ki diqqəti cəbhədəki uğursuzluqlardan yayındırmağa çalışır. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan prezidenti Armen Sarkisyanın qərarı ilə Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilmişdi. Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. Bu il iyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.
Ötən günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduğu vəzifədən azad edilib. Srağagün isə bu qurumun Əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Ohanes Karumyan işdən çıxarılıb.
Bu arada dünyada bütün dinlərin sülh, barışıq və dostluğa çağırdığı bir halda Ermənistan cəmiyyətində din amili faşist və şovinist ideologiyasının yayılmasında lokomotiv kimi çıxış edir. Belə ki, bütün ermənilərin Katolikosu II Qaregin erməni xalqına müraciət edərək insanları müharibəyə qoşulmağa səsləyib. Bu barədə Qaregin "Facebook” səhifəsində videomüraciət yayımlayıb. Ermənistanda əhalinin müharibəyə qoşulmaqdan imtina etməsi və cəbhədə böyük itkilərin verilməsi ilə bağlı xəbərlərin fonunda Katolikos II Qaregin müraciətində erməni gənclərini ölümə getməyə səsləyib və bunun, guya, həlledici an olduğunu bildirib.
Qeyd edək ki, Qaregin müharibənin başlanmasından sonra ilk dəfədir ki, ermənilərə belə bir müraciət edir. Bu, erməni ordusunun çətin vəziyyətdə olduğunu, ölkədə döyüşməyə adam tapılmadığını təsdiq edir. Ona görə də Ermənistanda son ümid kimi kilsə dövriyyəyə girib. Digər tərəfdən, II Qaregin qarşıdurmada olduğu Paşinyan hakimiyyətinə bu dəstəyi verməklə əvvəlki təsir gücünü yenidən qaytarmaq istəyir.
Ümumilikdə isə, son daxili ziddiyyətlər göstərir ki, Ermənistanı qarşıdakı dövrdə daha çətin günlər gözləyir.
Elçin Cəfərov
"Azərbaycan" qəzeti