Rusiyanın və Fransanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər
Oktyabrın 28-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Fransanın Avropa və Xarici İşlər naziri Jan-İv le Drian arasında telefon söhbəti olub.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti ətraflı müzakirə edib, arası kəsilməyən genişmiqyaslı döyüş əməliyyatları ilə əlaqədar ciddi narahatlıq keçirdiklərini bildirib, qarşıdurma vəziyyətində olan tərəfləri atəşi tezliklə və tamamilə dayandırmağa, gərginliyi aradan qaldırmağa çağırıblar. Münaqişənin diplomatik həllinin alternativinin olmaması və ATƏT-in Minsk qrupunun həmsədrlərinin razılaşdırılmış fəaliyyətini davam etdirməyin zəruriliyi vurğulanıb. Vəziyyətin sonrakı gedişinin mümkün ssenariləri nəzərdən keçirilib.
S.Lavrov və J.Drian münaqişə tərəflərinin döyüş əməliyyatlarını dayandırmaq üçün siyasi iradə göstərmələrinin vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini də müzakirə ediblər. Hüquq-mühafizə orqanları xətti ilə qarşılıqlı əlaqələri inkişaf etdirməyin zəruriliyi, o cümlədən Fransa Daxili İşlər naziri J.Darmanenin terrorizmə və ekstremist ideologiyaya qarşı mübarizə ilə bağlı geniş əhatəli məsələlərin müzakirə edilməsi üçün Rusiyaya gözlənilən səfəri xüsusi vurğulanıb.