Son günlərdə bəzi ermənipərəst KİV-lərdə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatskinin “RİA Novosti”yə verdiyi müsahibə təhrif olunub. Müsahibəsində o, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üzrə hərbi əməliyyatlar aparan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xarici muzdluların mövcudluğu barədə məlumatla əlaqədar mövqeyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycanın Rusiyadakı səfirliyinə istinadla xəbər verir ki, bununla əlaqədar Viktor Vodolatski onun fikirlərini təhrif edən KİV-ləri yalan və böhtanda təqsirləndirib. O, adından yayılan fikirləri qəti şəkildə təkzib edir.
Rusiya deputatı deyib: “Mənim timsalımda biz MDB məkanında və dünyada aparılan hibrid və çirkli müharibənin şahidi oluruq. Müsahibə vermədiyim “İnfoteka24” veb saytının mənim adımdan həqiqətə uyğun olmayan məlumat verməsi mənim üçün şok oldu. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Onun Rusiyaya münasibətini, bizim prezidentimiz Vladimir Putinin cənab Əliyevə münasibətini bilirəm. Həmçinin mənim Rostov vilayətindən millət vəkili olduğumu nəzərə alaraq, mənim üçün, sovet əsgərinin qəhrəmanlığına səmimi qəlbdən hörmət edən bir insan üçün böyük simvol mövcuddur – bu da dostluğumuza ucaldılan abidə - iki Azərbaycan diviziyasının həlak olduğu “Sambek yüksəklikləri”dir. Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev burada bir neçə onilliklər əvvəl inşa edilmiş muzeyin ideyasının müəllifidir. Qubernator Vasili Qolubevin Prezident İlham Əliyevlə görüşündən sonra kompleks genişləndirildi və Vətən müharibəsinin xatirəsinə həsr edilmiş xalq muzeyinə çevrildi. Burada o illərdə həlak olmuş azərbaycanlıların soyadları həkk olunub. Vaxtilə əcdadları doğma torpağımı müdafiə edən azərbaycanlıların ünvanına bu gün qeyri-korrekt sözlər necə işlətmək olar? Buna görə mən hesab edirəm ki, bu küfrdür və KİV-lər bu cür məsələlərlə məşğul olmamalıdırlar”.
Viktor Vodolatski əlavə edib ki, hazırda yuxarıda qeyd edilən sayt tərəfindən təkzibin verilməsi ilə əlaqədar araşdırma aparılır. O qeyd edib ki, bu müsahibə Dövlət Dumasının deputatlarının da hibrid müharibəyə cəlb edilməsi cəhdidir, halbuki Dövlət Duması, öz növbəsində, dünyada sülhün bərqərar olması üçün maksimal olaraq cəhd göstərir. “Feyk xəbərlərin əsas məqsədi adi vətəndaşların etibarını öldürməkdən ibarətdir. Yəni, yanlış məlumatı yayanlar işimizə xələl gətirmək istəyirlər, guya Rusiya deputatlarının sözləri ilə kiminsə təhqir edirlər. Hazırda söhbət Azərbaycandan gedir. Buna görə mən bu məsələyə reaksiya verdiyimə görə Azərbaycanın Rusiyadakı səfirinə təşəkkür edirəm, biz bu məsələyə aydınlıq gətirməyi qərara aldıq. KİV-lərin bu cür nümayəndələri hansısa reytinqə görə bizim münasibətlərin atmosferini dəyişə bilməzlər. Bu cür hərəkətlərlə onlar özlərini KİV-lərin çirkin və vicdansız nümayəndələri kimi təqdim edirlər. Rusiyada heç kim, o cümlədən bizim Prezidentimiz insanların bir-birinə qarşı silah qaldırmasını istəmir. Lakin kimsə çox güman ki, bunu istəyir və vəziyyəti silkələyir. Bu feyk xəbərlərin yüksək səviyyəyə çatdığını gördükdə, onları ciddi şəkildə cəzalandırmalıyıq. Mən bu saytın ən azı bloklanması üçün müvafiq strukturlara artıq müraciət göndərmişəm”, - deyə V.Vodolatski vurğulayıb.
O əlavə edib ki, pandemiya başa çatdıqdan sonra həmkarları ilə birlikdə Bakıya səfər etməyi planlaşdırır.