Çoxsaylı məlumatlar göstərir ki, bir aydır davam edən döyüşlər müddətində qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “ordu”sunun hərbi potensialı məhv olmasa da, xeyli tükənib. Azərbaycan ordusu isə öz döyüş potensialını saxlayır, hücumu davam etdirir və tədricən Qarabağın içərilərinə doğru irəliləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə hərbi ekspert Vladislav Şurıqin yazır.
“Svobdonaya pressa” nəşrində “Paşinyan uçurum üzərindədir” sərlövhəli analitik məqalədə qeyd edilir ki, “DQR” “ordusu”nun itkiləri çox böyükdür. “DQR” “Müdafiə Nazirliyi” dəqiq məlumatları elan etmir. Lakin bizim hərbi mənbələrdən aldığımız məlumata görə, bir aydır davam edən döyüşlərdə “DQR” “ordusu”ndan ölənlərin və yaralananların sayı 6 mindən çoxdur. Bu, həmin “ordu”nun müharibədən əvvəlki şəxsi heyətinin sayının 30 faizindən artıqdır. Azı 110 tank, yəni onların ümumi sayının təqribən 40 faizi, azı 12 yaylım atəşli raket sistemi - 30 faiz, 100-ə yaxın top və minaatan – 25 faizdən çox, azı 6 ədəd “Osa” zenit-raket kompleksi – 60 faiz itirilib, döyüş sursatı, yanacaq-sürtkü materialları və silah saxlanılan 100-dən çox anbar məhv edilib.
Müəllif yazır ki, “DQR” “ordu”su Ermənistandan daxil olan texnika, “DQR”-in və Ermənistanın rezervistləri, digər ölkələrdəki erməni diasporlarından və Ermənistan ordusunun nizami bölmələrindən ibarət canlı qüvvə hesabına genişlənməsinə baxmayaraq, bütün bunlar böyük itkilərin əvəzini çıxmağa kömək edə bilməyib, müharibəni davam etdirmək üçün maddi ehtiyatların tükənməsini göstərən əlamətlər çoxdur, erməni qoşunlarının döyüş qabiliyyəti azalıb, şəxsi heyət arasında mənəvi pozğunluq yaranıb.
Məqalədə deyilir: “Azərbaycan ordusunun qənimətlərinin get-gedə artması və onun Qarabağın içərilərinə doğru irəliləməsi buna sübutdur. Erməni əsgərlərin qohumları tez-tez çoxsaylı nəşrlərə müraciət edərək şikayətlənirlər ki, qoşunlarda döyüş sursatı, yanacaq və sürtkü materialları, dava-dərman və ehtiyat hissələrinin kəskin çatışmazlığı hiss edilir. Artilleriya mərmiləri və hava hücumundan müdafiə vasitələri qıtlığı daha kəskin hiss olunur. Bütün bunlar döyüşən əsgərlərə sarsıdıcı təsir göstərir, onlarda narazılıq doğurur və nəticə etibarilə Azərbaycan Ordusunun hücuma keçən hissələrinin təzyiqi altında Ermənistan qoşunları getdikcə daha çox hallarda ciddi müqavimət göstərmədən geri çəkilir, rayonları bir-birinin ardınca tərk edirlər. Əvvəl “DQR” tərəfindən zəbt edilmiş Azərbaycan rayonlarının yarısından çox hissəsi bu gün artıq Azərbaycan ordusunun nəzarəti altındadır. Ermənistan Müdafiə Nazirliyi növbəti rayon mərkəzinin – Qubadlı şəhərinin itirilməsini etiraf etməli olub. Bu o deməkdir ki, Azərbaycan ordusu Stepanakerti (Xankəndi – red.) Ermənistanın Gorus şəhəri ilə birləşdirən strateji yola – belə adlandırılan “Laçın dəhlizi”nə xeyli yaxınlaşıb. Əgər Azərbaycan ordusu bu yolu bağlamağa nail olarsa, “DQR” fəlakətli vəziyyətə düşəcək”.
Müəllif yazır ki, Azərbaycan qoşunları qələbə əhvalındadır. Bir aylıq döyüş müddətində Azərbaycanın hərbi komandanlığı qoşunları getdikcə daha inamla və bacarıqla idarə edir. Qoşunlar özləri isə döyüş təcrübəsi qazanıb. Düşmən üzərində üstünlüyünə və ona qalib gələ biləcəyinə inanıb. Əsas diqqət havada və yerdə atəş üstünlüyünə yönəldilir. Erməni qoşunlarının mövqelərinin hücum edən qrupları artilleriya atəşinə tutulur, pilotsuz zərbə uçuş aparatları isə artilleriya silahları üçün əlçatmaz olan obyektləri və hədəfləri yüksək dəqiqliklə məhv edir, düşmən üçün əlavə qüvvələr, döyüş sursatı və yanacaq-sürtkü materialları gətirilməsinə mane olur. Düşmənin müqaviməti tamamilə qırıldıqdan sonra piyadalar irəli gedir, erməni qoşunlarının faktiki olaraq tərk edib getdikləri dayaq məntəqələrinin qalıqlarını təmizləyirlər.
Aşkardır ki, “DQR” “komandanlığı”nın sərəncamında olan qüvvələrlə Azərbaycan Ordusuna ciddi zərər vurmaq mümkün deyil. Erməni hərbi hissələrinin Dağlıq Qarabağ dağlarını yenilməz qalalara çevirə biləcək yeni müdafiə zolağı tikməyə artıq vaxt yoxdur. Hətta onlar gediş-gəlişin çətin olduğu dağlıq ərazidə azərbaycanlıları dayandırmağa nail olsalar belə, “Laçın dəhlizi” bloklanacağı halda Ermənistandan ayrı düşən Dağlıq Qarabağ qarşıdan gələn qışda fəlakətli vəziyyətə düşəcək. Bu halda Azərbaycan Ordusu əsas üstünlüyünü – havada üstünlüyü əldə saxlayacaq, bu da həm hərbi hədəfləri, həm də sosial və iqtisadi infrastruktur obyektlərini məhv etməklə mühasirəyə alınmış yerləri maneəsiz sürətdə “ölü zona”ya çevirməyə imkan verəcək.
Daha iki variant qalır. Birinci variantda Paşinyan öz acizliyini etiraf etməli, istefa verməli və bu problemlərin həllini ondan sonra baş nazir kabinetini dirçəldə biləcək şəxslərə həvalə etməlidir. İkinci variant – müharibəni dayandırmaq və Bakının irəli sürdüyü şərtlər sülh danışıqlarına başlamaqdır. Lakin bu variant faktiki təslim olmaqdan az fərqlənir. Paşinyan ümid edirdi ki, Azərbaycana və Türkiyəyə təsir göstərmək mexanizminə malik olan nüfuzlu kənar oyunçuları münaqişəyə müdaxilə edə bilərlər. Vasitəçi kimi Fransanı çağırmaq cəhdi tezliklə, heç məsləhətləşmələr həddinə çatmadan puç oldu. Türkiyə və Bakı Fransanı vasitəçi kimi qətiyyətlə rədd etdilər.
Bu şəraitdə Paşinyan dünyanın ən güclü dövləti olan ABŞ-ın Prezidenti Donald Trampın şəxsində yeni vasitəçi tapmağa cəhd göstərdi. Bu məqsədlə Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı Trampın yanına göndərdi. Mnatsakanyanı ABŞ-ın Dövlət Katibi Mayk Pompeo qəbul etdi. Sonra Pompeo Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramova zəng vurdu və onunla söhbətdən sonra bəyan etdi ki, ABŞ-ın vasitəçiliyi ilə uzunmüddətli və səmərəli atəşkəs barədə razılıq əldə edilib. Bununla Tramp ona minnətdar olan Amerika ermənilərinin bir neçə min səsini qazandı. Lakin bu atəşkəs cəmi bir neçə saat çəkdi. Müharibə davam etdi. Məlum oldu ki, ABŞ da kömək edə bilməyib.
Müəllif sonda yazır: “Artıq Əliyevə və Ərdoğana təsir göstərə biləcək heç bir kənar oyunçu qalmayıb. Müharibə isə davam edir və o, dramatik sonluğa yaxınlaşır”.