Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Günlərdir Ermənistanın törətdiyi vəhşilikləri utanmadan danan Şuşan Stepanyan tutarlı cavabını aldı
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 28-də düşmənin Bərdəyə raket zərbəsi endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında bunu danaraq “cəfəngiyyat və yalan” olduğunu yazmışdı. Almaniyanın nüfuzlu “Sueddeutsche Zeitung” nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.
Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözləri ilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözləri ilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən qonşu Tərtər şəhəri də artilleriya atəşinə tutulurdu”.
“Sueddeutsche Zeitung”, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb.