Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, mövsümündə tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün soyuducu anbar komplekslərinin tikilərək istifadəyə verilməsi və genişləndirilməsi diqqətdə saxlanılır. Bu sahənin inkişafına 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 351 min manat dövlət maliyyə dəstəyi göstərilib. Güzəştli kredit vəsaiti hesabına qurulması nəzərdə tutulan 800 ton tutumlu yeni soyuducu anbarın da layihələndirmə işləri tamamlandıqdan sonra tikintisinə başlanılıb.
Bildirilib ki, bu gün muxtar respublikada sahibkarların şəxsi investisiyası və dövlət maliyyə dəstəyi hesabına yaradılan 42 soyuducu anbarların ümumi tutumu 19 min 390 ton təşkil edir. Cari ildə anbara dəyəri nağd ödənilməklə 1111 ton kartof, 210 ton soğan, 19 ton alma tədarük olunub.
Qeyd edək ki, soyuducu anbarlara tədarük olunan məhsulların keyfiyyət göstəricilərinin keyfiyyət standartlarının tələblərinə uyğunluğuna nəzarət nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən həyata keçirilir. Cari ilin ötən tədarük dövründə laboratoriya tərəfindən 33 halda kartof, soğan və alma məhsullarından nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin edib. Soyuducu anbarların yaradılması da payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırılması ilə yanaşı, ixracı da artırmağa imkan verir.