Dövlət Komissiyası: Birtərəfli qaydada mülki şəxs və 30 erməni hərbçisinin meyiti Ermənistan tərəfinə təhvil verilib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.
Dövlət Komissiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.
Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.
Humanitar proses zamanı insident baş verməyib.