İndoneziya KİV-ləri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumlarını geniş işıqlandırır - FOTOLAR
İndoneziya kütləvi-informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını geniş işıqlandırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İndoneziyanın portalprobolinggo.pikiran-rakyat.com, minanews.net, viva.co.id saytları və digər KİV-ləri Azərbaycanın Ermənistanı Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərə raket hücumu nəticəsində 21 nəfərin həlak olmasında günahlandırmasından yazır. Qeyd edilir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu hərbi əməliyyatların qarşısında dayana bilməyən Ermənistan, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsə baxmayaraq, Azərbaycan şəhərlərinə raket hücumlarını davam etdirir. Vurğulanır ki, tərəflər arasında əldə edilən üç humanitar atəşkəs razılaşması məhz Ermənistanın təqsiri üzündən onlar qüvvəyə mindikdən bir neçə dəqiqə sonra pozulub.
Məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla Ermənistanın kaset bombalarına malik “Smerç” raketləri ilə hücumu nəticəsində çoxsaylı mülki vətəndaşların həlak olduğu qeyd edilir. Azərbaycanın Baş Prokurorluğuna istinadla bildirilir ki, terror aktı nəticəsində əhalinin sıx yaşadığı yaşayış məntəqəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb.
Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin İranla sərhəddə yerləşən strateji əhəmiyyətə malik Qubadlı rayonunun Azərbaycan Ordusu tərəfindən azad edildiyi barədə məlumatı təsdiq etdiyi də bildirilir. Vurğulanır ki, bu hərbi üstünlük məsələnin diplomatik həll yolunu çətinləşdirə bilər.
Məqalələrdə Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul olunduğu xüsusi qeyd edilir. Bildirilir ki, 1991-1994-cü illərdə birinci Dağlıq Qarabağ müharibəsi zamanı xarici havadarlarına arxalanan Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Həmin müharibə nəticəsində 20 mindən çox insan həlak olub, bir milyon azərbaycanlı ata-baba yurdlarından didərgin düşüb.
Xüsusi qeyd edilir ki, Azərbaycan məsələnin Ermənistanın işğal etdiyi ərazilər üzərində nəzarətini saxlayacaq istənilən həll yolunu rədd edir.