NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Erməni separatçılarının ilk başçılarından, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.
Öz “Facebook” hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, erməni xalqının köməyinə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək aciz şəkildə yardım diləyib: “Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistanda yaşayanlara müraciət etmək istəyirəm. Mediada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.
Karapetyan müraciətinin davamında əlavə edib ki, onlar özlərini tək qalmış kimi hiss edirlər: “Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.
Qeyd edək ki, Arkadi Karapetyan “Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri olub.