NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Zəfərin şeirlərini öz oxucularına təqdim edir:
Azərbaycan əsgəri
Burdan başlanır vətən, sənin kirpiyinin,
donduğu yerdən...
Burdan başlanır vətən,
sənin səngərindən,
Azərbaycan əsgəri...
Sərhədlərdə, səngərdə,
Quşdan ayıq olmağı...
Məğrur əməllərinlə,
Xalqa dayaq durmağı,
Babandan öyrənmisən,
Azərbaycan əsgəri.
Qolunda, biləyində,
Min illərin gücü var.
Arxanda məğrur xalqın,
Əyilməyən elin var.
Öz polad iradənlə,
Sipərləri qır qopar,
İnadınla göylərə,
Yaz yapışdır, bu sözü
Bizimdir Göyçə eli, bizimkidir Qarabağ,
Azərbaycan əsgəri.
Sən gedirsən irəli,
Qəzəbindən yer əsir...
Külək səndən gizlənir
Qorxusundan yel əsir...
Sən yenilməz oğlusan
Anam Azərbaycanın.
Sanc bayrağı Şuşaya
getsin nisgilim, kamım.
Sənə qurbandır canım,
Azərbaycan əsgəri.
Qələbən mübarək, VƏTƏN
Sənsən mənim adımın
önündə duran,
Ən böyük nida işarəsi, Vətən!
Sənsən mənim duyğulu kitabımın
ilk səhifəsi.
Sənsən mənim arzularımın
Ən son təntənəsi, Vətən.
Vəsf etdikcə mən səni
Yadıma nələr düşür?
Min illik tarixlərdən
Ərənlər, ərlər düşür.
Hardasa uzaqlarda
Sular coşub-çağlayır,
Nuh babam gəmisini
Burda - səndə saxlayır.
Qayalar köksündəki
Hər nişan yadigardır,
Qarabağ göz bəbəyim,
Şuşamsa bir vüqardır.
Füzulinin köksündə
İndi güllə iz açır,
Əsgərlərin Murovda,
Tərtərdə tarix yazır.
Yenidən Ərgünəşdən
Günəş doğur bəxtinə,
Sənə gələn nə varsa,
Gəlsin mənim bəxtimə.
Yağının gülləsinə
Sipər ollam, daş ollam,
Sənə sonuncu qurban
Vətən, mən özüm ollam.
Üfuqdə dalğalanan
Bayrağına qurbanam,
Səmaya şəfəq saçan
Xəzərinə heyranam.
Vətən, səndən yüksəkdə
Nə varsa, əfsanədir,
Azərbaycan, sənin adın,
Dünyada yeganədir!
Adındakı "can" sözünə
Düşmənlərin qurban, Vətən,
Qələbəyə yüksəlirsən,
Qələbən mübarək, Vətən!
Sənin bir adın da Vətəndir!
Ey iynəylə parçaları,
Bir-birinə tikən qadın.
Parçaların rəngləriylə,
Özü bayraqlaşan qadın!
Barmaqların ilmə-ilmə,
Bu üç rəngi sehrləyir,
Üç rəng sənlə ofsunlanır,
Üç rəng sənlə möhürlənir!
Üzərində ay-ulduzdan,
Çələng sənin əsərindir.
Bayrağımdan nurlar axır,
O nur sənin gözlərindir.
Bayrağım vətən göylərin,
Sənin duanla fəth edir.
Sən anasan, sən bayraqsan,
Sənin bir adın da VƏTƏNDİR!
Şəhid övladının tabutunu öz çiyinlərində daşıyan ana bütün dünyaya sübut etdi ki, türk anası vətən torpaqlarına düşmən əli uzanarsa, yaxud hər hansı müharibə baş verərsə, övladını qurban verər, amma vətən torpağının bir qarışını verməz!
Çiynində oğlunun tabutunu daşıyan ananın fotosunu görəndə göz yaşımı saxlaya bilmədim və bu sözlər nəzmə çəkildi...
Türk anasından
Tanrı səltənətinə şəhid sovqatı...
Min illərin ağırlığı,
insanların tənhalığı, yalqızlığı
çöküb sənin
ay-ulduzlu bayraq çəkilən tabutuna
ŞƏHİDİM...
Sən uyuyan tabutu
yerindən qoparmağa,
Kimsənin gücü çatmır.
Kimsə cürət edib
Sən uyuyan tabutu
yerindən oynatmır,
ŞƏHİDİM!
Sən uyuyan tabut,
dünyanın özündən də ağırdır...
Kilidlənmiş dodaqlarda çiçək açan
yalnız sənin adındır,
ŞƏHİDİM!
Yolun harda qırıldı?
Füzulidə, Tərtərdəmi?
Torpaqlara sığmadın,
səni göylər çağırdı.
kükrədi göylər sənlə,
göylər sənlə bağırdı...
İndi dumana dönmüş
ruhunla yəqin ki sən Şuşadasan,
ŞƏHİDİM!
Adamlar əlləşir, vuruşur,
Qaldıra bilmir.
Qırmızı xonça kimi
bəzənmiş tabutunu
torpağın ətalətindən
Vətənə qurban verdiyi,
İçərisində vətən boyda
qeyrət yatan tabutunu,
anan qopara bilir yerdən
ŞƏHİDİM!
Anaya bax, ilahi!
oğlunu öz əliylə,
sənin səltənətinə ərmağan göndərir.
Göz yaşı yerinə nifrət yığılıb,
şəhid anasının gözlərinə.
Bu nifrətdən səksənir,
titrəyir torpaq.
Bu nifrətdən ağaclar,
qocalır yarpaq-yarpaq.
Çiynində öz şəhid oğlunun
Tabutunu daşıyan ananı görcək,
Əsir oğuz ellərinin yelləri,
Qopur neçə-neçə ürəyin
Tükdən nazik telləri.
Diksinir ana fəryadından Tanrı,
Buludları pərdə-pərdə çəkir
yerlə-göyün arasından Tanrı...
Çəkir ki, görməsin...
Çiynində
oğlunun nəşini daşıyan,
ananın son naləsini eşitməsin,
ŞƏHİDİM!