Biz bir ölüb min dirilərik

A- A A+

Ulu türkün yer titrədən nərəsi tarix boyu səs salıb aləmə. Oğuz elinin, türk yurdunun qəhrəmanları Cavanşir, Babək, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski hərb səhnəsində, döyüş meydanında bir tarix yazdılar. Şanlı hərb tariximizi... Əsrlərə dayanan bu tarixdə Naxçıvanın, onun qoynunda dünyaya göz açan oğulların adı qırmızı xətlə keçib hər zaman.  Hərb tariximizdə xüsusi yeri olan Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski, Əbülfət ağa Şahtaxtinski məhz bu torpaqda göz açdı dünyaya. Bu qəhrəman sərkərdələr özlərindən sonra gələn nəsillər üçün cəsurluq örnəyi oldular. Vətən sevgilərini döyüşdəki hünərləri ilə göstərdilər. Onlardan başladı  Naxçıvanın hərb tarixi. Cəmşid Naxçıvanskinin 1921-ci ildə yaratdığı, 1940-cı ildən sonra 77-ci diviziya adlandırılan atıcı diviziya Sovet İttifaqında döyüş ruhu yüksək olan diviziya kimi 1941-1945-ci illər müharibəsində dünyaya səs salmış “Sapun qələbəsi”nin qazanılmasında mühüm rol oynayıbdır. 43 illik ömrünün 26 ilini hərbdə keçirən, Ehsan xan, İsmayıl xan, Kalbalı xan, Cəfərqulu xan kimi ulu babaların döyüş yolunu davam etdirir oğullarımız. Unudulmaz sərkərdə və generalımız Cəmşid Naxçıvanskinin adı ilə adlandı Azərbaycanda ilk hərbi lisey. Yüzlərlə zabit, general onun adını daşıyan məktəbdən pərvazlanaraq Azərbaycan ordusunda hünər göstərdi, tarix yazdı. 

90-cı illərdə də vətən səmasını qara buludlar alanda ərazilərimizin bütövlüyü uğrunda ön sıralarda olmaqla, babalarının şanlı ənənələrini davam etdirən  qəhrəman oğulları oldu Naxçıvanın. Azərbaycanın milli qəhrəmanları Mirəsgər, Mirhəşim Seyidovlar, Kərim Kərimov, Yusif Mirzəyev... Hər birinin öz döyüş hünəri, rəşadəti olsa da, bir məqsəd birləşdirdi onları - vətən torpaqlarını qorumaq!

Biz torpaqdan boy atıb, torpaqdan ucalmışıq. Torpaq bizim anamızdır. Torpaq beşiyimiz, məzarımızdır. “Torpaq uğrunda ölən varsa, vətəndir”.

Onlar adlarını qanları ilə günəşli üfüqlərə yazdılar. Şəhidlik zirvəsinə ucalaraq, bu elin, bu ulusun milli qəhrəmanı oldular.  Bu qəhrəmanlıq  dillərdə dolaşdı, əfsanəyə döndü, mahnılarda yaşadı. Gələn nəsillər onlar kimi olmaq istədi, onların yolunu tutdu. 

Erməni təcavüzünün Naxçıvan torpağından da yan keçmədiyi 90-cı illərdə Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunda vuruşdu Mirəsgər. O, cəsur könüllü olaraq qatıldığı qaynar döyüşlərdə erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv etdi, döyüşçü dostlarını mühasirədən çıxartdı, daşıdığı Əsgər adına sədaqətini göstərdi, vətənin əbədi qəhrəman  ƏSGƏRi oldu.

Birinci Qarabağ müharibəsində Goranboy və Ağdərə uğrunda gedən döyüşlərin önündə gedən öndər oldu igid, qorxmaz, iradəli Yusif Mirzəyev. Döyüşlərdə göstərdiyi rəşadətlə xalqının Milli Qəhrəmanına döndü. Doğma diyarın adı belə oğullarının adı ilə bir daha ucaldı. Sonralar analar dünyaya gətirdikləri övladlarına Yusif adını qoydular. Neçə-neçə yusiflər, əsgərlər, kərimlər doğuldu  bu yurdda.

Ulu Tanrım!

Sən şərəfli ölümlərə öyrət məni.

Sonra, sonra,

Torpağımın sabahında

Öz qanımdan göyərt məni. - Deyib vətən yolunda canından keçən o qəhrəman oğullar gələn nəsillərin qanından  bir də göyərdi. Torpağı necə sevməyi, lazım gəlsə, uğrunda canından keçməyi öyrətdilər davamçılarına. O oğullardan qalan  hünər, qəhrəmanlıq özünü bu gün ikinci Qarabağ müharibəsində də göstərir. Naxçıvanın vətən qeyrətli oğulları bu gün yenə ön cəbhədə vətəni, torpağı üçün vuruşur, rəşadət göstərir, yağının bağrını yarmaqla ona göz dağı verir!

Naxçıvan şəhərində bir təhsil ocağı var ki, məramı, missiyası VƏTƏNDİR. Damarında vətən sevgisi çağlayan qüdrətli, qeyrətli oğullar bu yurdun sabahı üçün burada təhsil alır, hərbi biliklərə yiyələnir, məzun olur, vətənə, bayrağa sədaqət andı içir, gələcək peşəsini seçib vətənin keşikçisi olur, sinəsini düşmənə sipər edərək torpağını qoruyur. Ulu Öndər Heydər Əliyevin adının əbədiləşdirildiyi Heydər Əliyev adına Hərbi Liseyi bitirən oğullar  bu vətənə şərəf və ləyaqətlə qulluq edirlər. İllərdir torpaqlarımızın bütövlüyü uğrunda məkrli düşmənlə apardığımız Vətən müharibəsində ayrı-ayrı dövrlərdə  şəhidlik məqamına ucalan qəhrəman hərbçiləri olub bu liseyin. Qabil Orucəliyev, Toğrul Məmmədov, Tural Haşımov, Zamin Məmmədov... Onlar  hünər göstərərək canlarını vətən torpağına fəda etdilər. Adlarını hərb, qəhrəmanlıq tariximizə yazdılar. Yazdılar ki, sonrakı nəsillər qəhrəmanlığı, igidliyi onlardan öyrənsinlər. Bu gün bu liseydə təhsil alan onlarla vətən sevdalı oğulların da addımları qətiyyətli, səsləri od nəfəslidir. Türk oğlu bir ölüb min dirilər. Onlar da gələcək həyatlarını hərb sənətinə, zabitlik peşəsinə həsr edəcəklər. Çünki yaxşı bilirlər ki, peşələrin ən şərəflisi, ən ucası, ən alisidir  hərbçi  olmaq. Vətənin müsəlləh əsgəri olmaqdan müqəddəs heç nə yoxdur bu dünyada....

Naxçıvanın şanlı hərb tarixi, zəngin döyüş ənənələri bugün Vətən müharibəmizdə davam edir. Vahid və yenilməz Azərbaycan ordusunun tərkibində Naxçıvan torpağının yetişdirdiyi zabitlər ön cərgədə düşmənlə üz-üzədir. Çiyinlərdə silah döyüşə yollanan igidlər o çiyinlərdə torpağımıza zəfər sədaları gətirəcəklər... Dualarımız sizinlədir, Azərbaycan igidləri...

                                                                                                Türkanə Əmoyeva

                                                                                                     NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: