Xudafərin birliyimizin, gücümüzün, qüdrətimizin rəmzidir

A- A A+

Xudafərində ucaldılan bayrağımızın şöləsi bütün işğal olunmuş torpaqlarımıza şəfəq salacaq

Naxçıvan Muxtar Respublikasının mənfur düşmənlərimiz tərəfindən blokadaya salındığı bu illərdə paytaxt Bakıya gedərkən və geriyə – doğma Naxçıvana dönərkən Cənubi Azərbaycan ərazisindən keçən Arazboyu yoldan çox istifadə etmişəm. Bu yolda keçirdiyim hissləri, məni məndən edən duyğuları, düşüncələri ifadə etmək çox çətindir... Bir tərəfdən öz dədə-baba torpaqlarımızdan icazə ilə keçməyim, digər tərəfdən isə Arazın sol sahilində həsrətdən “qaralmış” Zəngilan, Cəbrayıl torpaqlarının yetim baxışları şair ruhumu hər dəfə incidirdi.

Hər səfərimdə işğal altında olan həmin torpaqlara tərəf boylanmaqdan boynum ağrıyırdı. Hələ ürəyimdəki ağrını demirəm... Elə bir ağrı ürəyimə sancılırdı ki, bu ağrı xəncər, qılınc ağrısından betər olurdu. Milli təəssüb, qeyrət, xəcalət və ən başlıcası, çarəsizlik məni hər səfərimdə haldan salır, ya Bakıya, ya da ki Naxçıvana halətsiz bir vəziyyətdə çatırdım. Maraqlı cəhət odur ki, təxminən 10-12 saatlıq bu yolu necə getdiyimi, mənzil başına necə çatdığımı çox vaxt hiss etmirdim. İşğal altında olan torpaqlarımızda 28 ilə yaxın bir müddətdə həyat və zaman dayandığı kimi, bu səfərlər zamanı mənim üçün də sanki zaman məfhumu dəyişir, vaxt dayanırdı...

Naxçıvan-Bakı, Bakı-Naxçıvan yolçuluğunda mənə ən çox əzab verən isə Xudafərin körpüləri idi. Bir zamanlar böyük-böyük qoşunların, böyük-böyük karvanların, ulu babalarımızın, nənələrimizin keçdiyi bu körpülər necə də qərib, sahibsiz, yetim görünürdü, İlahi! Tarixdə öz adı, imzası, əhəmiyyəti və özünəməxsus yeri olan bu körpülər dağılmaqda, məhv olmaqda idi...

Körpü bağ deməkdir, əlaqə deməkdir, ünsiyyət, dostluq, qardaşlıq deməkdir. Bir zamanlar – ixtiyarımızın özümüzdə olmadığı vaxtlarda bizi bir-birimizdən ayrı salanlar, bu böyük xalqı məqsədli şəkildə parçalayanlar da aramıza Araz adlı sədd çəkməklə, bu körpüləri bağlamaqla məhz bu bağı, əlaqəni, ünsiyyəti kəsmək, dostluq, qardaşlıq hisslərini öldürmək istəmişdilər. Bu xalqın birliyindən hər zaman ehtiyat edənlər Xudafərin körpülərinin giriş-çıxışına hələ dəmir məhəccərlər də çəkmişlər. Demək, Xudafərin adi körpü deyil... O, bir rəmzdir, əlamətdir – birliyin, qardaşlığın, dostluğun rəmzidir. Ona görə də düşmənlərimiz aramızdakı bütün körpülərin bağlanmasında, uçulub-dağılmasında hər zaman maraqlı olmuşlar...

Hər səfərimdə işğal altında olan Cəbrayıl, Zəngilan torpaqlarına və Xudafərin körpülərinə baxarkən keçirdiyim bu hissləri qələmə almağa çalışsam da, heç vaxt bunu bacarmamışdım. Hər səfərimdə insanı məhv edən bu duyğuları ifadə etmək mənim üçün çox çətin idi. Düşünürdüm ki, heç bir söz, heç bir şeir bu yaralara məlhəm ola bilməz... Həm də düşünürdüm ki, artıq söz vaxtı deyil, şeir vaxtı deyil... Qılıncla vurulan yaranın qisası elə qılıncla da alınmalıdır...

Ancaq bir səfərimdə yolçusu olduğumuz avtobusda çox az sərnişin var idi. Avtobus, demək olar ki, boş idi. Ona görə də lap arxa oturacaqda tək, yönü Araza tərəf oturub yenə də qərib torpaqlarımızı həsrətlə, ürək ağrısı ilə izləməyə başladım. Bu dəfə göz yaşlarıma da mane olmadım... Xudafərin körpülərinə yaxınlaşanda isə qeyri-ixtiyari əlimi cib dəftərimə atdım... Həmin anda duyğularımı qələmlə bölüşməsəydim, qəlbimi boşaltmasaydım, ürəyim partlaya bilərdi. Ürəyimin ağrıları, torpaq həsrətimiz, yurd nisgilimiz, Xudafərin dərdimiz həmin şeirdə bu cür ifadə olunmuşdu:

Xan Arazın üzərində

Qəlbi qırıq, tağı uçuq

bir körpü var.

Əliyalın tək insan da

Bu körpüdən keçə bilməz –

bu körpü dar...

 

Bu körpüdən keçmək üçün

Günü bu gün, elə bu gün

“Bir cüt yumruq” olaq gərək.

Qarabağı almamışdan,

Bu körpünü alaq gərək.

 

Bu gün aslan igidlərim

Xudafərin körpüsündə

birləşməsə, yanarıq.

Həm Xankəndi, həm Şuşanı

Tarix boyu bax beləcə

xatirəylə anarıq.

Günü bu gün, elə bu gün

Bu körpüdə “dilləşməsək”,

Bu körpüdə birləşməsək,

bir kəndi də alammarıq.

 

Günü bu gün, elə bu gün

Bu körpüdə TAM olmasaq,

Bu körpüdə CƏM olmasaq,

heç vaxt qalib olammarıq.

Bu şeir təxminən 10 il əvvəl yazılıb... Və bu gün şeirdə bəhs olunan həmin birliyi Azərbaycanda tamlığı ilə müşahidə edirik. Elə bu şeiri yazanda da, nə vaxtsa, bu birliyə nail olacağımıza dair çox böyük bir inam var idi ürəyimdə. Sonra bu inam daha da böyüdü, Azərbaycan qədər oldu. Məhz bu inam bizi işğal olunmuş torpaqlarımıza, Xudafərinimizə qovuşdurdu. Bu gün Xudafərində dalğalanan bayrağımızın şöləsi bütün işğal olunmuş torpaqlarımıza şəfəq salır.

Xudafərin bizim birliyimizin, gücümüzün, qüdrətimizin rəmzidir. Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatlarının da məhz Cəbrayıldan başlaması bizi ilk olaraq Xudafərinə qovuşdurdu. Məhz bundan sonra Füzuliyə, Zəngilana, Qubadlıya öz bayrağımızı sanca bildik. İnanıram ki, Xudafərində cəm olan, bir olan qeyrətli Vətən oğulları tezliklə işğal altında olan digər torpaqlarımızı da işğaldan azad edəcək, düşmən üzərində tam qələbə çalacaqlar. Ancaq nədənsə, mənə elə gəlir ki, artıq biz tam qələbə çalmışıq, sadəcə, bunu bütün dünyaya elan etmək qalır... Bu inamı, bu arxayınlığı mənə Xudafərində dalğalanan ay-ulduzlu, üçrəngli Azərbaycan Bayrağı verir. Bu bayraq bu gün bütöv Azərbaycana öz şəfəqlərini yayır. Araz çayından əsən xoş mehdən güc alaraq gün boyu qürurla dalğalanan bayrağımızın səsi bütün Azərbaycanda duyulur. Bu səs qəhrəmanlıq şərqisi, marş kimi ordumuza güc, qüvvət verir. Məhz bu körpüdə dalğalanan şanlı bayrağımızın bu günlərdə xalqımıza bəxş etdiyi o böyük xoşbəxtliyi isə heç nə ilə əvəz etmək olmaz.

Bir şair, bir vətəndaş, bir azərbaycanlı olaraq bundan sonrakı tək arzum isə üzərində bu bayrağın dalğalandığı Xudafərindən keçməkdir... Ona da inanıram ki, böyük mənəvi dəyərə malik olan, o taylı-bu taylı bütün azərbaycanlıların and yerinə çevrilən, 50 milyonluq bir xalqın birliyinin, qardaşlığının, ayrılmazlığının simvoluna çevrilən Xudafərin körpüləri qüdrətli dövlətimizin qayğısı ilə əhatə olunacaq və tezliklə yüksək səviyyədə təmir olunaraq xalqın ixtiyarına veriləcəkdir. Hələlikdə isə Xudafərinə və onun başı üzərində qürurla dalğalanan şanlı Azərbaycan Bayrağına öz torpaqlarımızdan baxmağın bəxş etdiyi o böyük fəxarət hissini yaşamaq da bizə bəs edir. Şükürlər olsun ki, biz bir xalq olaraq, bir millət olaraq bu gün qürurla, alın açıqlığı ilə: “Xudafərin Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”  deyə bilirik...

Qafar Qərib

“Nuh yurdu” qəzetinin redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: