Son vaxtlar Ermənistanın bir çox siyasi-ictimaiyyət nümayəndələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə çıxışlar etməkdədirlər. Xüsusilə, ölkənin sabiq baş naziri Vazgen Manukyanın həmin tələbi irəli sürməsinin ardınca sözügedən istiqamətdəki fəaliyyətlər artmağa başlayıb. Məhz Mankukyanın ardınca erməni messenat Sergey Ambarsumyan bənzər tələblə çıxış edib və oliqarx bildirib ki, erməni milləti uçurumun kənarındadır. O, Nikol Paşinyanı Rusiyanın etimad göstərdiyi səriştəli idarəçilərdən birinə təhvil verməyə dəvət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu arada Manukyana və Ambarsumyana dəstək olanlardan biri də ermənilərin Razm.info internet-qəzetinin baş redaktoru Karen Vrtanesyandır. Belə ki, Ermənistanın Azərbaycan ordusu qarşısındakı sarsıdıcı məğlubiyyəti və 6 rayon mərkəzini itirməsi, habelə azərbaycanlı mobil qrupların Qarabağın dərinliklərinə qədər irəliləməkləri məsələsini önə çəkən erməni jurnalist özünün "Facebook" səhifəsində Nikol Paşinyanın buraxdığı səhvlərin təhlilini aparıb, bu səhvləri erməni xalqına və dövlətçiliyinə qarşı cinayət adlandırıb. "İndi belə məsələləri publik şəkildə müzakirə etməyin vaxtı olmasa da, mən Vazgen Manukyanın tələbi ilə razıyam",- deyə Karen Vrtanesyan bildirib.
Erməni KİV təmsilçisinin sözlərinə görə, Paşinyanın və hökumətinin istefa verməkdən başqa yolu qalmayıb. "Vaxt da yoxdur. Bu, dövləti və milləti qorumaq üçün sonuncu şansdır",- jurnalist qeyd edib.