İşğalçı ölkə elə bir vəziyyətə düşüb ki, xilas olması mümkün deyil.
Cəbhədəki uğursuzluğa və güclənən pandemiyaya görə Ermənistan sonu görünməyən böhran içindədir. Bu səbəbdən ölkədə baş nazir Nikol Paşinyanın idarəçiliyinə qarşı etiraz dalğası genişlənməkdədir.
Bu etirazlarda istefa tələblərinin artması iqtidarın vəziyyətini xeyli ağırlaşdırıb. Siyasi-ictimai gərginliyin dərinləşməsi Ermənistanda hər an iqtidarın inqilabi yolla devrilməsini istisna etmir.
Hakimiyyət etirazları səngitmək üçün diqqəti müxtəlif istiqamətlərə yönəldir. Belə ki, Azərbaycan Ordusu qarşısındakı məğlubiyyəti cəmiyyətə heç cür izah edə bilməyən N.Paşinyan struktur dəyişiklikləri ilə ictimaiyyətin diqqətini yayındırmağa çalışır.
Məlum olduğu kimi, son günlərdə Ermənistan ordusunda 4 yüksəkvəzifəli şəxs işdən qovulub. Vəzifəsindən azad olunanların hamısı güc strukturlarında çalışan şəxslərdir. Bunlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan və Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyandır.
İşdən qovulanların hər biri məğlubiyyətdə günahlandırılırlar. Lakin bu müharibə ümumiliklə onu göstərdi ki, faktiki olaraq işğalçı ölkədə döyüşlərin aparılmasını təşkil edəcək resurslar və orduda nizam-intizam yoxdur. Bir daha aydın oldu ki, işğalçı ordu döyüş qabiliyyətinə malik deyil. Ona görə də ilk günlərdən könüllülərin döyüşlərə cəlb olunması məsələsi aktuallaşıb və düşünülür ki, bu şəkildə işğalçı ordunu gücləndirmək olar. Amma başqa bir həqiqət də odur ki, vətəndaşlar artıq evlərindən hərbi komissarlıqlara silah gücünə aparılırlar. Çünki çoxsaylı itkilərin fonunda sadə ermənilər görürlər ki, Qarabağa döyüşə getmək ölümdən başqa heç nə vəd etmir.
Hakimiyyətə qarşı narazılığın səbəblərindən biri də ermənilərin Qarabağa görə döyüşmək istəməməsidir. Ona görə kütləvi itaətsizlik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək cəbhəyə göndərib. Paşinyan bu addımı atmaqla həm də ordudan yayınanlara qarşı tutarlı tədbirlər görməyən Ədliyyə Nazirliyinin rəhbərliyini cəzalandırmaq məqsədi güdüb. Amma bu da ordudan yayınmanın qarşısını almağa kömək etməyib.
Ermənistanda sayı sürətlə azalmaqda olan gənclər son illər həqiqi hərbi xidmətdən yayınmaq üçün hər vasitəyə əl atırlar. Bunun əsas səbəbləri ordudakı işgəncə, ölüm, rüşvət, korrupsiya və özbaşınalıqdır. Ona görə də Ermənistan ordusunun mənəvi-psixoloji durumu daim ağır olub və fərarilik həmişə ciddi problem olaraq qalıb. Müharibə başlayandan sonra isə belə problemlər daha da dərinləşib.
Azərbaycan Ordusu isə cəbhədə uğurlu hərbi əməliyyatlarını davam etdirir. Dağlıq Qarabağda vaxtilə azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlər törətmiş general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşanın həndəvərinə çatdığını bildirib. O, "Facebook”da paylaşdığı videomüraciətində bildirib ki, müharibə Şuşanın ətrafında gedir. Onun bildirdiyinə görə, azərbaycanlılar onlarla qarşılaşmır, sadəcə toplarla, raketlərlə atəşə tutur və gəlib erməni əsgərlərinin mövqelərini ələ keçirirlər. Bu açıqlaması ilə erməni hərbi cinayətkar Azərbaycanın döyüşləri ən müasir vasitələrlə apardığını etiraf edib. "Başımıza göydən nə gəldi tökürlər, heç nə edə bilmirik”, - deyən A.Karapetyan onu da bildirib ki, bu gedişlə olan-qalan erməni əsgərlər Ermənistana qaçmalı olacaqlar.
Xatırladaq ki, Karapetyan Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyəti dövründə, polkovnik rütbəsində 1993-1996-cı illərdə ordunun kəşfiyyat rəisi və polk komandiri olub. 1997-ci ildə Qarabağa qayıdıb və müharibə veteranları ittifaqını yaradaraq ona rəhbərlik etməyə başlayıb. Hazırda özü kimi keçmiş quldurları başına toplayaraq Qarabağa gəlsə də, Azərbaycan Ordusunun hücumları qarşısında aciz vəziyyətə düşüb.
Erməni sosial şəbəkə istifadəçiləri dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar. Bundan əvvəl isə qondarma rejimin rəhbəri Araik Arutyunyan kilsəyə gələrək orada şam yandırmışdı, dua etmişdi və müraciətlə çıxış edərək Azərbaycan Ordusunun böyük qüvvə ilə Şuşanın 5 kilometrliyinə çatdığını bildirmişdi.
Beləliklə, Ermənistanda məğlubiyyətdən daxili ziddiyyətlər, çaşqınlıq və bunların fonunda hakimiyyətə etirazlar artmaqdadır. Baş nazir N.Paşinyanın ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur. Rusiyada yaşayan erməni əsilli iş adamı Sergey Ambartsumyan N.Paşinyana açıq məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, 2018-ci ildə xalqın inamını qazanaraq hakimiyyətə gələn nazir bu müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilməyib və ölkəni bu gün çıxılmaz vəziyyətə gətirib çıxarıb: "2018-ci ildə erməni xalqı sizə inanaraq daha ədalətli və perspektivli ölkədə yaşayacağı ümidi ilə ardınızca getdi. Amma siz özünüz də inkar etməzsiniz ki, biz indi daha da çıxılmaz vəziyyətdəyik, ümidsiz halda uçurumun kənarında dayanmışıq. Bu vəziyyətdə yeganə çıxış yolu sizin hakimiyyəti ölkəni bu cür böhrandan çıxara biləcək şəxsə təhvil verməkdir. Bu, dalandan yeganə çıxış yoludur”.
Ermənistanın problemləri yalnız ordunun məğlubiyyəti, hərc-mərclik və pandemiyanın, habelə özbaşınalığın artması deyil. Sadə ermənilər həm də gündən-günə ağırlaşan sosial-iqtisadi durumdan əziyyət çəkirlər. Hazırda işğalçı ölkədə ərzaq da daxil olmaqla əksər məhsulların qiymətində artımlar müşahidə olunur ki, bu da sosial partlayışı qaçılmaz edir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti