İndi xalqı ordu olan ölkəyik

A- A A+

Bir aydan artıqdır ki, xalqımız işğal altındakı torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda Vətən müharibəsi aparır. Üstəlik, bu müqəddəs savaşımız  təkcə işğalçı, mənfur, bədnam ermənilərə qarşı deyil, həm də tarixən onları özünə alət etməyi adət edən havadarlarına qarşıdır. Peşkəş edilmiş torpaqlarda saxta tarix yaradanlar, qonaq gəldiyi yerdə ev sahibi olmaq iddiasına düşənlər, işğalçılığı və müstəmləkəçiliyi XXI əsrə daşıyanlar, sözsüz ki, Vətən müharibəsinin nə olduğunu bilməzlər. Ancaq bu bir həqiqətdir ki, işğalçılığın, qəsbkarlığın önünü yalnız vətən sevgisi, yurd təəssübkeşliyi  kəsə bilər. İndi Azərbaycanın haqq savaşı dünyada işğala məruz qalan, separatizmdən əziyyət çəkən, dünyanın ədalətinə sığına-sığına min cür ədalətsizliklə üzləşən xalqlar üçün ilham qaynağıdır. 

Bir xalqın ən güclü olduğu vaxt özünə güvəndiyi vaxtdır. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Və bu yumruq düşmənin başını elə əzir ki, çətin ki, onlar bundan sonra bir də Azərbaycana əl və dil uzatmaq fikrinə düşsünlər. Hər gün cəbhədən şanlı Ordumuzun zəfər xəbərləri gəlir. Tarixi şəhərlərimiz, dədə-baba yurdlarımız işğalçılardan təmizlənir. Düşməndən geri aldığımız yüksəkliklərdə Qarabağın zəfər marşı çalınır. Səmasında üçrəngli bayrağımız dalğalanan, daşına, torpağına Quran sədası hopan müqəddəs yurd yerlərimiz tarixi və milli kimliyinə qovuşur. Artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, 3 qəsəbə və 183 kənd işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağı gün isə uzaqda deyil. Və bu tarixi qələbələr düşmənin 30 il ərzində qurduğu istehkamlardan keçməklə çətin döyüş tapşırıqlarını məharətlə yerinə yetirən əsgər və zabitlərimizin qanı, canı bahasına mümkün olur. Şəhidlərimiz torpağa səpdiyimiz igidlik və qəhrəmanlıq toxumlarıdır. Bu toxumlar cücərdikcə xalqımızın özünə inam hissi, qələbə ruhu daha da güclənəcək və gələcək nəsillər yağıların torpaqlarımıza bir də ayaq basmağına imkan verməyəcəklər. 

Xalq olaraq müharibədən çıxardığımız nəticələr çoxdur. İndi kimin kim olduğunu yaxşı bilirik. Nə olur-olsun haqqın, ədalətin yanında olanları, tarixi ədalətin bərpası üçün mənəvi, siyasi dəstəyini əsirgəməyənləri, haqq səsimizə səs verənləri, eyni zamanda, zülmə qarşı ağzına su alıb oturanları, saman altından su yeridənləri, təcavüzkarın dəyirmanına su tökənləri, dəmir əlini məxmər əlcəkdə gizlədənləri yaxşı tanıyırıq. Mülki insanlarımızı, körpə uşaqlarımızı ballistik raketlərlə vuran, qəbiristanlıqda dəfn mərasiminə toplaşanları bombalayan, gecə-gündüz yaşayış məntəqələrimizi atəşə məruz qoyan barbar düşmənin cavabını döyüş meydanında layiqincə veririk. Düşmən olanda nə olar, gərək düşmənin də kişiliyi olsun. Öz əsgərlərinin meyitlərinə, əsirlərinə, köməksiz vəziyyətdə əsgərlərimiz tərəfindən xilas edilən qocalarına yiyə çıxmayan ləyaqətsiz düşmənin tarixi Azarbaycan torpaqlarına yiyəlik iddiası indi onlar üçün çox baha başa gəlir. Son bir ayda Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 3 milyard ABŞ dolları civarındadır. Ermənistana vurduğumuz hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Mütəxəssislər qeyd edirlər ki, hazırki vəziyyətdə Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyinə təxminən 25 il vaxt lazımdır. Təbii ki, dilənçi paylarını nəzərə almasaq.

Tarix boyu küçələrdə qalan ermənilərin küçədən tapıb özlərinə baş erməni təyin etdikləri "paşolyan" indi küçə ritorikasının acı nəticələrindən doğan əlacsızlıq içindədir. Hər gün min cür yalanla öz camaatını tovlayan, tülkü xisləti ilə dünya birliyini çaşdırmağa çalışan, öz yalvarış və timsah göz yaşları ilə dünya liderlərini təngə gətirən, Cənubi Qafqazda ermənilərin istifadə müddətinin bitdiyini anlamayan, hansısa bir möcüzə ilə döyüş meydanında dönüş yaradacağını uman bu təlxək sovet qoşunlarının nəfəsini ənsəsində hiss edə-edə qələbədən dəm vuran və şəhərləri bombalayan nasist babaları kimi davranır. İndi o, tarixi gerçəklikləri, Azərbaycan xalqının əzmini, Ali Baş Komandanımızın qətiyyətini, ordumuzun qüdrətini qəbul edib öz əsgərlərini bütün işğal altındakı torpaqlarımızdan geri çəkmək əvəzinə onları səngərlərdə zəncirə vurdurub öldürtdürür. Rəşadətli ordumuzun qələbələrini pərdələmək üçün gündə bir yalan uydurur. Reallıq isə ondan ibarətdir ki, son günlər erməni ordusunda kütləvi fərarilik müşahidə olunur. Başqasının torpağında ölmək istəməyən erməni əsgərlər indi silahlarını öz komandirlərinə çevirirlər.

Hələ Azərbaycan ordusunun əks-hücum əməliyyatları başlamazdan əvvəl ölkə başçımız cənab İlham Əliyev başı erməni mifi ilə pülənib şişən və bizimlə şərt dilində danışmağa başlayan "Paşolyana" xəbərdarlıq etmişdi ki, əgər biz onunla şərt dilində danışsaq, onun siyasi ömrü çox çəkməyəcək. Görünür, nəyi nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilən Azərbaycan Prezidenti erməni ordusunun potensialını da, erməni başbilənin siyasi kreslosunun dayanıqlığını da onların özlərindən yaxşı bilirmiş. İndi qan gölündə boğulan "Paşolyan" qorxur ki, yapışdığı saman çöpü də dronlarımız tərəfindən vurulacaq. İndi onun ölkədən qaçmaq üçün təyyarə bron etməkdən və Akopyanın “akop”unda gizlənməkdən başqa yolu yoxdur.

Azərbaycan əsgərinin qorxusundan uşaq bezi bağlayanlarla uşaq bağçasında gündə bir yığıncaq keçirən qondarma, axsaq “respublika”nın “masabəyi”si üçün də 27 sentyabr sonun başlanğıcıdır. Bu günlərdə axsaq müdafiə ordusunun cah-calalı vurulandan sonra yəqin onun da kürkünə birə düşüb. Azərbaycanın dinc əhalisinə qarşı terror cinayətləri həyata keçirən bu müharibə caniləri, uşaq qatilləri, terrorist yığını alov çənbərinin ortasındakı əqrəb sürüsü kimidir.

Əvvəllər televiziyalarda hava haqqında məlumat veriləndə işğal altındakı şəhər və rayonlarımıza baxan yox idi. Baxıb neyləyəcəkdik, ürək ağrısından başqa bir şey deyildi. İndi isə Şuşanın, Laçının, Kəlbəcərin, Xankəndinin, Xocalının soyuğu qədər üşüyür, günəşi qədər isinirik. Şükür Allaha, havalar da yaxşı keçir. Ürəklərimiz Qarabağ andı içən əsgər və zabitlərimizlə birgə döyünür. Qürurumuz cəbhə ilə bağlıdır, nigarançılığımız cəbhə ilə bağlıdır.

İndi xalqı ordu olan ölkəyik!

Yeni zəfər xəbərlərini gözləyirik, qəhrəman, yenilməz, müzəffər Ordumuz!

Rahil Tahirli

 jurnalist

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: