“CBS”: Ermənistan-Azərbaycan münaqişəsi San-Fransisko yarımadasında “söz davası”na çevrilib - FOTOLAR
Amerikanın “CBS” kanalı San-Fransiskodakı azərbaycanlı icma üzvlərinin erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına qarşı nümayişi barədə söhbət açıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, süjetdə münaqişə zonasında sentyabrın 27-də döyüşlərin yenidən başlanması və indi hər iki icmanın təmsilçilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki münaqişə haqqında ictimaiyyəti məlumatlandırmaq uğrunda mübarizə aparmaları barədə bildirilir. Bu münaqişə San-Fransiskoda “söz davası”na çevrilib.
Azərbaycan icmasının nümayəndələri ictimaiyyətin diqqətini çəkmək və hadisələrin birtərəfli işıqlandırılmasına qarşı etirazlarını ifadə etməkdən ötrü San-Fransisko şəhərində yürüş keçiriblər.
Yürüşün təşkilatçısı Nərmin Babayeva telekanala müsahibəsində deyib: “KİV-lər ermənilərin etirazlarını işıqlandırırlar, lakin biz küçələrə çıxdıqda, bizim etiraz aksiyamız az halda işıqlandırılır”. Aksiya iştirakçıları bəyan ediblər ki, 1991-ci ildən başlayaraq ermənilər azərbaycanlıları Dağlıq Qarabağ regionundan sıxışdırıb çıxarır, regionda etnik təmizləmə aparırlar.
“Birgə yaşayış yolu ilə sülh əldə olunacaq. Biz istəyirik ki, Azərbaycan torpaqlarını işğal edən erməni ordusu bu ərazilərdən çəkilsin, münaqişəyə qədər orada yaşayan azərbaycanlılar öz doğma yurdlarına qayıtsınlar”, - deyə aksiyanın Ayka Ağayeva ad-soyadlı iştirakçısı bildirib.