Azərbaycana günəş indi Qarabağdan doğur

A- A A+

Bu Vətən ki var, dünyanın bütün nemətlərindən şirindir. Vətən insan övladına bəxş olunan ən müqəddəs yer, ən gözəl məkandır. Harada olursan ol, harada cazibədar mühit yaradılırsa yaradılsın, hətta sənə sultanlara layiq həyat versələr də, bir müddətdən sonra Vətən deyilən bu sirli aləm üçün darıxacaqsan, onun üçün burnunun ucu göynəyəcək.

Bəs, görəsən, Vətəni insan üçün belə şirin edən, onu sevdirən, onu mənalandıran, kəbəyə, pirə, ocağa çevirən nədir?

Bu gün Qarabağı bizə sevdirən onu kəbəyə, müqəddəs ocağa çevirən nədirsə, vətəni də insanlara sevdirən məhz o hiss, o duyğudur.

Qarabağ 30 ilə yaxın bir müddətdir, yəni haradasa bir qərinədir ki, bizdən uzaqda oldu. Amma bu illər onu bizə unutdura bilmədi, bu illər onu bizim yaddaşımızdan silə bilmədi. Əksinə, keçən hər gün, ötən hər ay, sona çatan hər bir il Qarabağı misra-misra, sətir-sətir, söz-söz yaddaşımıza yazdı. Bütün azərbaycanlıları səfərbər olub torpaqlarımızı işğaldan xilasa çağırdı.

Demək ki, dərddən gözlər ağlayar, ürək sızlar, yaddaş qanayarmış. Qarabağsız keçən bu uzun zaman ərzində, yaddaşımız köz-köz oldu, xatirələrdə yaşayan torpaqlar xatirə olmaqdan cana doydu, insanlar bir-birinə təsəlli verməkdən yoruldu. “Qarabağda görüşmək ümidi ilə” deməkdən utandı insanlar bir-birlərindən.

Qaçqın, köçkün şəhərcikləri salındıqca, məcburi olaraq qaçqın, köçkün adı ilə damğalananlar o evlərə deyil, torpağın altına, məzarlara köçmək istədilər. Həsrət hər bir kəsin içində böyük uçurumlar, həyatında boşluqlar yaratdı. Köçdü bu dünyadan gözlərinə doğma torpaqlarının dağı-daşı, çayı, meşəsi, təbiəti təsvir olunan yaşlı insanlar. Ölərkən onların nə əllərini qapaya bildilər, nə də gözlərini. Amma bir vəsiyyətləri var idi. "Dəfn edərkən üzümüzü Qarabağa doğru qoyub dəfn edin".

İnsan kimi doğulanlar bu dünyadan yarpaq-yarpaq töküldülər, yana-yana köçdülər. Köçdü Şuşayla bağlı arzuları nakam qalanlar, öldü Kəlbəcəri özünə cənnət sananlar, Qubadlını pir, Laçını Kəbə hesab edənlər.

Babalarımız deyirdilər ki, insan doğulduğu yerdən kənarda harada olursa-olsun, qəribdir. Nə o, Vətəni unuda bilir, nə də Vətən torpağı onu”.

Bu gün günəş doğma yurd-yerlərimizə, oğuz ellərinə, türk torpaqlarına Qarabağdan doğur. Payız fəslində bahar günəşi, yaz havası hiss olunur el-obamızda. Artıq o torpaqlarda həsrət qoxusu duyulmur. Baş daşları erməni vandalları tərəfindən sökülən məzarlıqlardan 30 ilin dumanı çəkilməyə başlayıb. Hər gün açılan səhərdən Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin ətri gəlir.

Bəli, həqiqətən də, ömürdən, candan, var-dövlətdən pay vermək olar, amma vətəndən əsla. Vətən bütün müqəddəs dəyərlərdən öndədir. Vətən bizim ağrı-acımızı, qəhrimizi, kədərimizi, çəkməyə qadirdir. Amma düşmənin adi gülüşü belə Vətən üçün  faciədir. Vətəni Tanrı elə yaradıb, elə xəlq edib ki, o yalnız öz doğmaları ilə xoşbəxt ola bilir. Vətən özünün övladlarıyla qolboyun olanda mükəmməl görünür.

Bu gün vətən torpaqları düşmənlərin əsarətindən santım-santım, misqal-misqal azad olur. Hər bir qarış torpaq bir şəhidimizin qanı hesabına Azərbaycana qovuşur. Şəhidlərin arzuları, şəhidlərin istəkləri, ümidləri, duyğuları dən-dən gömülür işğaldan azad olunan torpaqlarımıza. Bəli, illər keçəcək, o torpaqlardan Poladların, Mübarizlərin, Şükürlərin, Cəbrayılların, bir sözlə minlərlə adlarını çəkmədiyimiz qəhrəman oğulların ruhları, nəhəng çinarlar kimi cücərib boy verəcək, palıdlar kimi qol-budaq atacaqlar Qarabağ torpaqlarında. Çox keçməz, yurd yerlərimizin çoxuna onların adları verilər. Adları dəyişən kəndlər, qəsəbələr, dağlar, zirvələr onların adları ilə adlandırılar. Axı onlar Azərbaycanın bütövlüyü, birliyi, böyüklüyüdür. Onlar da Qarabağdan doğan günəşlə birgə yenidən doğulacaqlar. Çünki şəhidlər əbədiyyət, Qarabağ isə əbədiyyət günəşidir. İşığın bol, hərarətin çox, istiliyin ana qucağı kimi olsun, anam Qarabağ. Biz bu gün səndə doğan günəşlə güclüyük, günəşini bol elə...

Müzəffər Əsgərov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: