Ermənistan, təslim ol

A- A A+

Qarabağda gedən savaşda Ermənistan ordusu təslim olmalıdır!

Bu artıq bugünün reallığıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də dediyi kimi əgər erməni əsgəri ölmək istəmirsə, Qarabağdan çıxmalıdır. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Ermənistan ordusunun gücsüzlüyü ilə yanaşı, bu ölkənin dünya dövlətləri ilə apardığı uğursuz və etibarsız siyasətini də ifşa elədi. Belə ki, Azərbaycan torpaqlarına etdiyi növbəti təcavüzü daha qəti və ciddi şəkildə adekvat addımlarla  cəzalandıran Azərbaycan tərəfinin gücü və yeni döyüş taktikası Ermənistan üçün gözlənilməz idi. Nəticədə az bir müddət ərzində Azərbaycan ordusu işğalda olan ərzilərə iti bıçaq yağı kəsən kimi sürətlə daxil oldu və erməni ordusunu darmadağın etməklə bu əraziləri düşməndən qurtardı.

Ali Baş Komandanın qeyd etdiyi kimi, 30 illik tarixi olan bu münaqişədə, yəni Qarabağda artıq yeni gerçəkliyi Azərbaycan yaradıb. Az bir müddətdə istər silah, texnika, istərsə də canlı qüvvə sarıdan güclü itki verən düşmən indi bu vəziyyətdən çıxmaq üçün çabalayır. Hər dəfə isə bataqlığa düşən adam kimi, bu çırpınışlar onu bir qədər də dərinə dartır. Əvvəlcə, Fransa, Rusiya və digər ölkələrə dayanmadan edilən zənglər, Azərbaycanın hücumlarını durdurmaq üçün uğursuz yalvarışlar, xahişlər sadəcə cavabsız qaldı. Ermənistanın özünə layiq olan və küçədən hakimiyyətə gələn siyasi təlxəyi-baş naziri səriştəsizliyi ilə təkcə öz gücsüzlüyünü deyil, həm də başqalarının hesabına yaşayan forpost bir dövlətə rəhbərlik etdiyini sərgilədi. Bu məsələnin Ermənistan üçün siyasi həlli özünü doğrultmadı.      

İndi Qarabağda ən böyük siyasətçi elə Azərbaycan əsgəridir. Çünki Ali Baş Komandanın səriştəli döyüş taktikası ilə vəziyyəti döyüşən əsgərlər diktə edir.

Sirr deyil ki, Ordumuz inadla düşmənin 30 ilə yaratdığı səngərləri, baryerləri, tələləri və hiylələri dəf edərək Laçın, Şuşa və Xankəndinə doğru irəliləyir. Bu müqəddəs savaşda isə Azərbaycan  təkcə düşmənlə döyüş meydanında  deyil, önəmli olan informasiya cəbhəsində də uğurla mübarizə aparır. İndi hər gün erməni saytları, mətbuatı müxtəlif bəhanələr və hiylələrlə öz xalqını aldatmaqla məşğuldur. Çarəsizlikdən cırtdanları, fiziki qüsurlu xəstələri, qocaları, qadınları və məhkumları peşəkar ordumuzla döyüşə çıxaran Ermənistan hökuməti onları müharibə adlı “ət maşını”nın ağzına atır və öz fiaskosunu ört-basdır etməkdən ötrü xalqını ölümə verməkdən belə çəkinmir.

Səhnələşdirilərək, guya döyüş meydanlarından, hətta Azərbaycan ordusuna məxsus olan uğurlu savaş görüntülərindən istifadə etməklə  hazırlanan saxta videolar, “əsir aldıqları”, əslində isə özlərinin Suriya, Livan və digər ölkələrdən gətirdikləri terrorçular, PKK silahlılarının  şəkillərini, müsahibələrini dərc etməklə, dəyərsiz erməni pulu olan drama satılmış rusiyalı jurnalistlərin qərəzli çəkilişləri və qeyri-peşəkar informasiya materialları ilə düşmən öz acizliyini göstərməkdə davam edir.

Regionda ən güclü, dünyada 50 peşəkar ordu arasında yer alan (bu savaşdan sonra isə yəqin ki reytinqi bir qədər də yüksələcək), özünün ən müasir silah-sursatı, texniki təchizatı ilə fərqlənən Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər bütün bu uğurları həzm edə bilmir. Ermənistanın səriştəsiz hökuməti isə öz xalqının “başını piyləmək” üçün guya ordumuzun tərkibində digər ölkələrə məxsus əsgərlərin və muzdluların döyüşdüyü ilə bağlı nağıllar uydururlar. Halbuki, adi statistika ilə Azərbaycanda yaşayan döyüşəyararlı əhali ilə Ermənistan arasında müqayisə aparsaq, fərq riyaziyyatı bilməyənlər üçün də aydın görünər.

Bir şeyi də unutmaq olmaz ki, bizim apardığımız müqəddəs savaş torpaqlarımızın azadlığı uğrundadır. 30 ildir nifrətə dönən qisas duyğularıdır. Bunu Ermənistanın müasir gəncliyi də yaxşı başa düşür. Ona görə də onlar özlərinin olmayan bir torpaqda ölmək istəmirlər. Müxtəlif bəhanələrlə ordudan qaçırlar, savaşda olanlar isə xilas yolunu Azərbaycan əsgərinə könüllü  təslim olmaqda görürlər.

Ora-bura çabalamaqla bu məğlubiyyətdən qurtarmaq istəyən Ermənistan rəhbərliyi isə ən şərəfsiz addımlarını atmaqdan çəkinmir. Mülki əhalinin yaşadığı və cəbhə xəttindən yüzlərlə kilometr aralıda olan şəhərləri, kəndləri ağır artilleriya və raketdən atəşə tutur. Cəbhədə döyüşü uduzanlar öz qisaslarını körpələr, qocalar, qadınlardan, mülki əhalidən alırlar. Amma bu savaşda bizim üstünlüyümüz təkcə ordumuzun rəşadəti deyil, həm də xalq və ordunun Ali Baş Komandanının ətrafında sıx birləşməyidir. Çünki biz birlikdə güclüyük! Bu gücün dalğasından qurtarmaq üçün isə Ermənistanın bir çıxış yolu qalır- öz xalqını qırğına vermək istəmirsə, TƏSLİM OLSUN!

                                                                        Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: