Xorvatiya KİV-ləri Azərbaycanın əzəli torpaqlarında Ermənistanın apardığı soyğunçuluq siyasətindən yazıb
Xorvatiyanın işgüzar dairələri arasında məşhur olan “Poslovni dnevnik” qəzetində və “poslovni.hr” onlayn portalında “Ermənistan-Azərbaycan münaqişəsinin iqtisadi tərəfləri” adlı geniş məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Ermənistan tərəfindən xarici şirkətlərin iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərinin təbii sərvətlərinin qanunsuz istismarı barədə geniş hesabatına nəzər salınıb. Qeyd olunub ki, Ermənistan geniş miqyaslı soyğunçuluq yolu ilə Fransa, ABŞ, Kanada, Avstraliya, İsveçrə və Rusiyadan erməni əsilli iş adamlarını və ya erməni diasporu ilə əlaqəli iş adamlarını Azərbaycanın işğal olunan və artıq işğaldan azad edilən ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətə cəlb edib.
Qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərdən olan “Franck Muller Group” barədə məlumat verilib. Bildirilib ki, bu şirkətin baş icraçı direktoru, erməni separatçı rejiminin nəzarəti altında işğal altında olan Dağlıq Qarabağ bölgəsində olduğu kimi, Ermənistana da ən fəal sərmayəçi olan erməni əsilli Vartan Sirmakesdir. Vartan Sirmakesin iştirak etdiyi layihələrdən biri də Azərbaycanın işğal altındakı Zəngilan bölgəsindəki Vejnəli qızıl yatağının istismarıdır. Qeyd olunub ki, Vardan Sirmakes Kəlbəcərdə Söyüdlü qızıl yatağında da qanunsuz əməliyyatlar həyata keçirib. Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində 205,3 ton sübut olunmuş qızıl və 251,1 ton gümüş ehtiyatı mövcuddur.
Məqalədə 10 iyun 2020-ci il tarixində Avropa Parlamenti üzvləri tərəfindən Ermənistanla Dağlıq Qarabağ arasında yeni avtomobil yolunun tikintisinin qəbuledilməz olması ilə bağlı Birgə Bəyanatın mahiyyəti oxuculara çatdırılıb. Bir növ “boz zonaya” çevrilmiş ərazilərimizin yalnız Ermənistan deyil, beynəlxalq miqyasda da cinayətkarlar, maliyyə fırıldaqçıları və qanunsuz biznes üçün ideal bir məkana çevrilməsi vurğulanıb.