Paşinyan məğlubiyyətini rəsmən elan etdi

A- A A+

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan beynəlxalq ictimaiyyətdən istədiyi dəstəyi ala bilmədi. Yerevanın əsas niyyəti bu münaqişəyə üçüncü tərəfi cəlb etmək idi. Lakin döyüşlər başlanandan sonra Ermənistanın bununla bağlı Rusiyaya etdiyi müraciətlərin hamısı nəticəsiz qaldı. Rusiya açıq şəkildə müharibənin Azərbaycanın ərazisində getdiyini bəyan etdi.

Ermənistanın baş naziri Rusiyadan kömək istədi və rədd cavabı aldı

Bu günlərdə işğalçı dövlətin baş naziri Nikol Paşinyan növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinə kömək üçün müraciət etdi. Öz növbəsində Kreml bir daha müharibənin Azərbaycan ərazisində getdiyinə əsaslanaraq Ermənistan baş nazirinin müraciətlərini Yerevanın maraqlarına uyğun cavablandırmadı.

V.Putinə indiyədək dəfələrlə telefonla zəng edən N.Paşinyan bu dəfə ona məktubla müraciət edib. Məktubda Paşinyan Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanla Rusiya arasında ikitərəfli hərbi müttəfiqlik müqaviləsi əsasında "Ermənistanın təhlükəsizliyinin təmin edilməsi və kömək göstərilməsi üçün məsləhətlərə başlamağı” xahiş edib.

Maraqlı nüans ondan ibarətdir ki, məktub Rusiyanın Prezidentinə ünvanlansa da, V.Putin onu cavablandırmayıb. Məktuba cavab Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən verilib. Cavabda bildirilir ki, Rusiya Ermənistanla müttəfiqlik öhdəliklərinə sadiqdir, lakin iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair müqavilə tərəflərdən birinə hərbi təcavüz və silahlı hücum baş verərsə, digərinin ona kömək üçün konkret hərəkətlərini nəzərdə tutur: "Müqaviləyə uyğun olaraq Rusiya döyüş əməliyyatlarının bilavasitə Ermənistan ərazisinə keçiriləcəyi halda Yerevana bütün zəruri yardımı göstərəcək. Biz bir daha Dağlıq Qarabağ münaqişəsinin tərəflərini Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında oktyabrın 10-da əldə edilmiş razılaşmaya uyğun olaraq atəşi dayandırmağa və baza prinsipləri əsasında substansiv danışıqlara qayıtmağa çağırırıq”.

Beləliklə, bu məktuba verilən cavabla Rusiya bir daha Paşinyanın xahişini rədd etdi və Ermənistanın niyyəti tam fiaskoya uğradı. Bu hadisə başqa mətləblərdən də xəbər verir. Belə ki, Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı deyib ki, Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş nazirinin Rusiya Prezidentinə ünvanladığı məktub əslində məğlubiyyətin etirafıdır: "...Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir...”

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da N.Paşinyanın V.Putinə ünvanladığı məktuba və müraciətin cavabına münasibət bildirib: "Nikol Vladimir Putinə bir xahişlə bağlı məktub göndərib. V.Putin bu məktuba Rusiya Xarici İşlər Nazirliyinin vasitəsi ilə cavab verib. Siz başa düşmürsünüz onun nə dediyini? Bunu da başa düşmürsünüzsə, vay bizim halımıza! O, bütün səmimiyyət və nəzakəti ilə yalnız bunu söyləyib: Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, amma başa düşün ki, sizin əvəzinizə Qarabağ məsələsini həll edə bilmərəm”.

Düşmən döyüşməyə kişi tapmır

Azərbaycan Ordusunun qarşısında darmadağın olan erməni silahlı qüvvələri şəxsi heyət baxımından kasadlıq çəkdiyi üçün Ermənistan qadınları cəbhə bölgəsinə göndərib. Sosial mediada yayılan videolardan da aydın görünür ki, cəbhəyə göndərməyə kişi tapmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi qadınların "sağlamlıq haqqında arayış”ına belə baxmır. Belə ki, "kişilər” eynək taxan qadınları belə qabağa verərək, arxalarında gizlənirlər.

Bu arada "Reuters” agentliyinin yaydığı bir reportajda Ermənistan tərəfindən xarici ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiqlənib. Məqalədə Livan vətəndaşlarının Ermənistandakı döyüşlərə cəlb edilməsindən bəhs edilir. Yazı erməniəsilli Livan vətəndaşlarının Ermənistanda döyüşlərə necə qoşulduqları barədə məlumatlar əsasında hazırlanıb.

Yerevanda döyüş təlimatçısı Karapet Agacanyan "Reuters” agentliyinə müsahibəsində onun düşərgəsində təxminən 10 Livan vətəndaşı olan erməninin təlim keçdiyini söyləyib. O, sentyabrın sonlarında döyüşlərin başlamasından sonra cəbhə bölgəsinə getmək üçün həmin ermənilərin Beyrutdan gəldiklərini qeyd edib.

Müəllif yazır ki, çoxsaylı erməniəsilli Livan vətəndaşları döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan Yerevana gəliblər. Avqust ayında təxminən 200 insanın ölümü ilə nəticələnən Beyrut limanındakı partlayış isə bu miqrasiyanı sürətləndirib. Ermənistan tərəfi Livan ermənilərinin Qarabağda döyüşdüyünü inkar edir. Amma məqalədə vurğulanır ki, bu yaxınlarda Livanın ermənilər yaşayan Ancar şəhərində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Kevork Hacyan adlı Livan vətəndaşının xatirəsi yad edilib. O, Livanda doğulmuşdu və opera müğənnisi imiş.

Erməni yalanları darmadağın edilir

Onu da qeyd edək ki, uzun illər dünyada dərin kök salmış erməni yalanları ikinci Qarabağ müharibəsi fonunda da ifşa edilir. Azərbaycan cəbhədə qələbələr qazanmaqla yanaşı, dünya erməniliyinə və onların yalanlarına da böyük zərbələr vurur. Bu günlərdə Azərbaycanın mülki yaşayış məntəqələrinin atəşə tutulmasına, Gəncə və Bərdə şəhərlərinin bombardman edilməsinə bir sıra xarici KİV-in obyektiv yanaşmaları, erməni faşizmini bütün dünyaya göstərmələri bunu təsdiq edir.

Bütün bunlar Dağlıq Qarabağla bağlı əsl həqiqətləri dünyaya çatdırır, Ermənistanın saxta təbliğatına böyük zərbə vurur. Ona görə son günlərdə ermənilər mənfur xislətlərindən çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri verən, obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə götürür, onlara qarşı aksiyalar təşkil edir, insanları ölümlə hədələyir, təhdid və təhqir edirlər. Fransanın "TF1” kanalına, "New York Times” qəzetinə olan hücumlar buna sübutdur.

Erməni lobbisi və dünya erməniliyi istəyinə nail ola bilməyəcək. Çünki dünya artıq onların saxta göz yaşlarına inanmır. Ən əsası, Azərbaycanın cəbhədəki qələbələrindən sonra bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu gördü.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: