Prezident İlham Əliyev: Ermənistanın namərd hücumları bizim iradəmizi sındırmadı, əksinə, bizi daha da güclü etdi
Sülh danışıqlarının heç bir nəticə verməməsinin günahkarı Ermənistandır. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bunu İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ermənistan tərəfinin atəşkəs razılaşmalarını kobud şəkildə pozması barədə danışarkən bildirib.
Gəncəyə gecə vaxtı edilən iki namərd hücum nəticəsində 30 günahsız insanın, o cümlədən uşaqların öldürüldüyünü diqqətə çatdıran dövlətimizin başçısı deyib: “İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi”.