İtaliyanın “La Repubblica” qəzetinin müxbiri Prezident İlham Əliyevə belə bir sualla müraciət edib: “Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı sualı belə cavablandırıb: “Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir”.
Prezident qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların həmişə etdikləri daha bir feykdir.
Paşinyanın müəyyən dəstəyi əldə etmək üçün hər bir feyk üsuldan istifadə etməyə çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq”.