Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olub. Qeyd olunan dövrdə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixracyönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vergi və gömrük sahəsində güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihəsi Azərbaycan Prezidentinin 2019-cu il 16 dekabr tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası olaraq, beynəlxalq təcrübə, Asiya İnkişaf Bankının texniki dəstəyi ilə cəlb edilmiş ekspertlərin tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu Qərarda Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq, “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemi” vasitəsilə məlumatların toplanması, vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili, qiymətləndirmənin nəticələri əsasında növbəti illər üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və bundan irəli gələrək normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.
Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması və aidiyyəti qurumların həmin sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşmaqdadır. Nəticədə “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” formalaşdıqdan sonra bütün müəssisələr, təşkilatlar və ya ictimai birliklər tərəfindən güzəştlər üzrə müraciətlərin həmin sistem vasitəsilə ötürülməsi və qiymətləndirilməsi həyata keçiriləcək.