Bu gün ölkəmizin işğalçı Ermənistana qarşı apardığı vətən müharibəsində hərb tariximizin ən şanlı səhifələri yazılır. Bu müharibədə əsas ağırlıq Ali Baş Komandanın və Azərbaycan ordusunun çiyninə düşür. Arxa cəbhədə isə hər kəs əlindən gələni edərək əsgərlərimizə maddi və mənəvi dəstək göstərir.
30 ildir düşmən tapdağındakı torpaqlarının azad edilməsi uğrunda mübarizəyə qalxan xalqımız bu savaşda Ali Baş Komandana arxalanır, ondan güc alır. Yurdumuzu yağı düşməndən təmizləyib torpaqlarımızın ərazi bütövlüyünün bərpasına nail olmaqda azərbaycançılıq məfkurəsi də xüsusi əhəmiyyətə malikdir. Ölkə Prezidenti Ali Baş Komandan demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır”.
Azərbaycançılıq məfkurəsi şüurlarda özünə yer aldığı vaxtdan müstəsna rola və əhəmiyyətə malik olub. Uzun dövr ərzində tarixi təkamül yolu keçən, düşüncədən-düşüncəyə köçərək əhəmiyyətli və təsirli bir qüvvəyə çevrilən azərbaycançılıq ideyasının yaradıcıları, daşıyıcıları və təbliğatçıları xalqımızın dəyərli övladlarıdır. Qürurverici hal ondadır ki, onlar ideyanı, ideya da onları yaşatmaqla yaddaşlarda yaşamış və yaşamaqdadır. Belə şəxsiyyətlərin layiqli həyat yolu və yardıcılıqları öyrənilir, tədqiq edilir, gələcək nəsillərə də aşılanır.
Məlum olduğu kimi, azərbaycançılıq məfkurəsi sovet hakimiyyəti illərində də öz qüvvətli təsirini azaltmayıb, xalqımız dilini, milli kimliyini, varlığını qoruyub saxlayıb, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunmasına nail olunub.
Azərbaycançılıq məfkurəsinin yeni mərhələdə inkişafı müstəqil Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olub. Bu məfkurə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideyasının əsasında vətənimizi, dövlətimizi hər sahədə gücləndirmək və ərazi bütövlüyümüzün təmin edilməsi dayanır.
Azərbaycançılıq xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yaşadılmasına və onun daha da inkişaf etdirilməsinə güclü təsir edir. Bu ideya həm ölkəmizdə, həm də dünya azərbaycanlılarının vətənpərvərlik hisslərini və duyğularını yaşadır, vahid amal uğrunda onları birləşdirir.
Vətəndaş olmaq dövlət və cəmiyyət qarşısında müəyyən vəzifələr də daşımaq deməkdir. Azərbaycançılıq ideyası bu gün hər birimizin vətəndaş məsuliyyətimizi daha da artırır. Ordumuzda xidmət edən hərbi qulluqçularımızın da ən böyük, ən güclü silahı Vətən sevgisi, Vətənə sədaqətdir. Qürurverici haldır ki, hazırda ölkəmizdə gənclər Vətənə sədaqət nümayiş etdirirlər. Vətən uğrunda qəhrəmancasına vuruşub öz adlarını Vətən tarixinə yazdırırlar. Onlar gənc yaşlarında igidlik və şücaət göstərərək, əsl vətəndaşlıq nümunəsi göstərirlər. Bu cür Vətən övladlarının davranışları cəmiyyətdə ən yüksək səviyyədə hörmət və ehtiramla qarşılanır.
Oktyabr ayının 4-də dövlət başçısı İlham Əliyev xalqa müraciətində demişdir: “Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerində oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.
Ali baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının aparıldığı bir vaxtda ümumxalq həmrəyliyinin nə qədər böyük əhəmiyyətə malik olduğu aydın görünür. Hər birimiz dərk edirik ki, ölkəmizin ərazi bütövlüyü, müqəddəs Vətən torpaqlarımızın məkrli düşməndən təmizlənməsi şərəfli və tarixi bir missiyadır.
Bu gün azad olunan torpaqların sevincini yaşayırıq. İgid oğullarımızın şəninə ən xoş, ən ülvi kəlmələr səslənir. Şərəfli missiyanı yerinə yetirən müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü Vətənimizi sevənlərin ruhunu coşdurur, qəlblərini ruhlandırır. Azərbaycan Ordusu xalqımızın ümidlərini doğruldur, həsrətlərə son qoyur. Xüsusən cəmiyyətimizdə vətənpərvərlik duyğusunun güclənməsi bunu deməyə imkan verir ki, xalqımız torpaqlarımızın hər qarışı üçün canından belə keçməyə hazırdır. Bu gün yaşından, statusundan asılı olmayaraq hər kəs ön cəbhədə müzəffər ordumuzun, əsgərlərimizin yanında olmaq, igid oğullarımıza dayaq durmaq üçün səfərbərdir. Günbəgün böyük qələbəyə doğru uğurların səbəbini düşünərkən bu ovqatın əsasında Vətənə sədaqətin və Azərbaycançılıq məfkurəsinin dayandığı aydın görünür. Vətən sevgisi, Ali Baş Komandanın Vətəni müdafiə çağırışı milli birliyimizi daha da möhkəmləndirir.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz yeni-yeni əraziləri işğalçılardan təmizləyir, xalqımızın arzularını çin edir, haqqını özünə qaytarır. Bu Vətən müharibəsində, böyük savaşda ruh yüksəkliyi, vətənpərvərlik hissi var. Böyük səfərbəredici gücə malik azərbaycançılıq məfkurəsi bizi böyük qələbəyə aparır. Vətənin hər bir çağırışına hazır olan xalqımızı, ordumuzu Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Ali Baş Komandanı bir yumruq kimi birləşdirir. Qarabağ Azərbaycandır!
Ayaz Məhərrəmov
Ədliyyə Nazirliyinin Əməkdaşı