Meksika KİV-ləri Ermənistan-Azərbaycan münaqişəsi və işğalçı dövlətin müharibə cinayətlərini işıqlandırmaqda davam edir - FOTOLAR
Meksikanın nüfuzlu “El Economista” və “Pulse News Mexico” qəzetlərində Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın sentyabrın 27-dən etibarən törətdiyi müharibə cinayətləri barədə məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovun bu mətbu orqanlara müsahibələri əsasında hazırlanmış yazılarda Dağlıq Qarabağın, bəzi KİV-lərdə qeyd olunduğu kimi, mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və ətraf 7 rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğu diqqətə çatdırılır. Bildirilir ki, bu ərazilərdən 1 milyona yaxın azərbaycanlı qovularaq məcburi köçkünə çevrilib.
Yazılarda BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin işğal altındakı ərazilərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyi, lakin bu günədək Ermənistanın bu sənədlərə məhəl qoymadığı vurğulanır. Münaqişənin həlli üzrə Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da Ermənistanın davamlı şəkildə qeyri-konstruktiv mövqe göstərməsi səbəbindən heç bir nəticə əldə edilmədiyi bildirilir.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin, xüsusilə də baş nazir Paşinyanın son iki il ərzindəki daha aqressiv yanaşması, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana aid olduğuna dair bəyanatları, habelə işğal altındakı əraziləri birdəfəlik ilhaq etmək, hətta mümkün olarsa, yeni ərazilər zəbt etmək məqsədinin açıq-aydın ifadə olunduğu açıqlamaları səbəbindən danışıqlar prosesi tamamilə pozulub”, - deyə məqalələrdə vurğulanır. Həmçinin sentyabrın 27-dən başlayan döyüşlər zamanı Ermənistanın təkcə Azərbaycan Ordusunun hərbi mövqelərini deyil, həm də mülki azərbaycanlı əhalini hədəfə aldığı bildirilir.
Eyni zamanda, yazılarda qeyd olunur ki, Azərbaycan silahlı qüvvələri mülki vətəndaşların təhlükəsizliyini təmin etmək və işğalda olan ərazilərimizi azad etmək məqsədilə əks-hücum əməliyyatları aparır, bunu birmənalı şəkildə öz suveren ərazilərimiz çərçivəsində həyata keçirir.
Ermənistanın münaqişəyə etnik və dini don geyindirmək cəhdləri göstərdiyi, habelə Türkiyənin münaqişədə hərbi iştirakı ilə bağlı yaydığı xəbərlərin saxta olduğu deyilir.
Bildirilir ki, regionda davamlı sülh və təhlükəsizliyə başlıca təhdid Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində mövcudluğudur.
Həmçinin çoxmillətli ölkə olan Azərbaycanın Dağlıq Qarabağda yaşayan mülki ermənilərlə heç bir problem yaşamadığı, hazırda paytaxt Bakıda 30 minə qədər erməninin yaşadığı, Ermənistan ordusunun işğal olunmuş əraziləri tərk etməsindən sonra hər iki xalqın nümayəndələrinin birgə yaşaya biləcəyi oxucuların diqqətinə çatdırılır.