Hazırda Paşinyanla bir masa arxasında oturmağın heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin ilk görüşlər istisna olmaqla onların hamısı tamamilə səmərəsiz və mənasız olub. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində danışıb.
“Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə görüşdüklərini xatırladan Prezident qeyd edib ki, hazırda bunu təmaslar üçün doğru format hesab edir.