Avstraliyanın ingilis və ərəb dillərində yayımlanan “Farah news” saytı Azərbaycan Silahlı Qüvvələrinin daha yeddi kəndi işğaldan azad etməsi barədə məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatda, həmçinin sentyabrın 27-dən başlayan döyüşlərdə oktyabrın 10-dan sonra üç dəfə atəşkəs elan olunsa da, Ermənistanın hər üç halda atəşkəs barədə razılaşmanı pozaraq mülki əhaliyə və hərbi obyektlərə hücum etdiyi bildirilir.
Eyni zamanda, Türkiyənin daim Azərbaycanın haqq işini müdafiə etdiyi və Ermənistan ordusunun işğal altındakı ərazilərdən çıxarılmasını dəstəklədiyi vurğulanır. Diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan ordusunun Azərbaycanın işğal altındakı torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, işğalçı ölkə bu tələbi 27 il ərzində yerinə yetirməyib.