Prezident İlham Əliyev: Nəticənin olmaması Minsk qrupunun bunu bacarmadığından çox, istəmədiyini nümayiş etdirir
Hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri İspaniyanın EFE agentliyinə müsahibəsində Minsk qrupu üzvlərindən gözləntiləri barədə suala cavabında söyləyib.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir?”.
Prezident qeyd edib ki, onlar, sadəcə olaraq, istəmədilər. “Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar, 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.