Erməni məmurlar fərarilik edirlər

A- A A+

Ağır sosial-iqtisadi böhran dövrünü keçirən Ermənistanda siyasi vəziyyət də olduqca gərgindir. Hakimiyyətə qarşı etirazlar gündən-günə artır.

Etiraza çıxanlar Qarabağdakı məğlubiyyət fonunda ölkənin sürətlə uçuruma yuvarlandığını bildirir və bu səbəbdən Paşinyan hakimiyyətinin sonunun çatdığını bəyan edirlər. Ermənistan ordusunda isə fərarilik və xaos hökm sürür. Fərarilik edənlər arasında erməni əsgər və hərbçilərlə yanaşı, separatçı rejimin "məmurları” da var. Bu cür halların getdikcə çoxalması ermənilər arasında mənəvi durumun kifayət qədər acınacaqlı olduğunu göstərir.

9 vəzifəli şəxs barəsində cinayət işi açılıb

Xatırladaq ki, cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb. Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.

Bu günlərdə Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın adından yayılan açıqlamada səfərbərliyə alınan, lakin döyüş əməliyyatlarında iştirakdan yayınan bütün məmurların işdən çıxarılacağı və məsuliyyətə cəlb olunacağı da deyilib.

"4rd.am” saytı isə yazır ki, müharibədə iştirak etməmək üçün Qarabağdan qaçan "Dağlıq Qarabağ Respublikasının” 9 yüksəkrütbəli məmuru artıq vəzifələrindən azad edilib və onlara cinayət işi açılıb. Bunlar "Prezidentin köməkçisi” Rudik Martirosyan, "Baş prokurorun müavini” Eric Verdian və Sasun Gabrielyan, "Dövlət şurasının üzvü” Armen Soghomonyan, "Mərkəzi Seçki Komissiyasının üzvü” Yegişe Arzumanyan, "Əmək, Sosial və Mənzil İşləri nazirinin birinci müavini” Arkadi Sogomonyan, "Şəhərsalma nazirinin müavini” David Avanesyan, "Təhsil, Elm və Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri” Erik Grigoryan, "Dövlət Gəlirləri Komitəsinin başçısı” vəzifəsini icra edən Gagik Ayrapetyan və "Prezident Aparatının işlər idarəsinin rəis müavinin köməkçisi” Artak Arustamyandır.

İşğalçı ölkədə itkilərlə bağlı statistika gizlədilir

Ermənistan hakimiyyəti üçün daha bir ciddi problem cəbhədə öldürülmüş hərbi qulluqçuların valideynlərinin dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır. Döyüş şəraitində ölən əsgərlərin valideynləri etiraz aksiyasında övladlarının ölümünə görə hakimiyyəti ittiham edirlər. Müharibə şəraitində Ermənistan ordusunda korrupsiya və özbaşınalıq da yüksək templə artır. Bu problemlərdən isə daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir.

Bu arada Ermənistan mətbuatı Qarabağdakı itkilərlə bağlı statistikanın gizlədilməsini gündəmə gətirib. Belə ki, "Qraparak” qəzeti döyüşdə ölənlərin sayının niyə açıqlanmamasını araşdırıb. Qəzet yazır ki, dördgünlük susqunluqdan sonra Müdafiə Nazirliyi dünən döyüşlərdə ölən daha 11 hərbçinin adını açıqlayıb: "Ancaq bu barədə məlumat verilməzdən əvvəl nazirliyə sorğu göndərdik ki, son dörd gün ərzində erməni tərəfi heç bir qurban verməyibmi? İtkilərlə bağlı məlumatların dörd gündə verilməməsinin səbəbi nədir? Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Kimliklərin müəyyənləşdirilməsi problemi var” dedi”.

Nəşr onu da yazır ki, naməlum cəsədlər daha çoxdur: "Məsələ burasındadır ki, sosial şəbəkələrdə ermənilər arasında ümidsizlik yaratmamaq üçün öldürülən əsgərlər haqqında gündəlik məlumatlar verməmək barədə aktiv müzakirələr aparılır. Xatırladaq ki, rəsmi qaydada 1172 ölmüş hərbçinin adı açıqlanıb. Ortada hələ naməlum cəsədlər var, hazırda onlarla əlaqəli şəxsiyyətin müəyyənləşdirilməsi işləri aparılır”.

"Hanı silah? Hanı ərzaq? Hanı büdcə?”

Ermənistanda müxalif "Çiçəklənən Ermənistan” partiyasından deputat Gevorg Petrosyan qondarma "dqr müdafiə naziri” general-leytenant Calal Arutyunyanın "yüngül yaralandığı” barədə deyilənlərə inanmadığını bildirib. Deputat "Facebook” səhifəsində məntiqli sualla çıxış edib: "Əgər Calal Arutyunyanın rəsmi versiyada deyildiyi kimi, yarası yüngül idisə və həyati təhlükəsi yox idisə nəyə görə onu dərhal vəzifəsindən azad ediblər? Orada nəsə təmiz deyil, həqiqət gizlədilir və xalq yenə də reallıqdan təcrid olunur”.

Xatırladaq ki, ötən həftə Azərbaycan Ordusu general Calal Arutyunyanın xidməti avtomobilini müəyyən edib və pilotsuz təyyarələrlə onu təqib etməyə başlayıb. Arutyunyan bir neçə hərbi avtomobilin müşayiəti ilə Xocavənd istiqamətində hərəkət edəndə onun avtomobilinə Azərbaycanın pilotsuz təyyarəsi raket zərbəsi endirib və yanındakılarla birlikdə məhv edib. Qondarma rejim isə onun "yüngül yaralandığını” bildirərək dərhal vəzifəsindən azad edilib, yerinə Mikael Karapetyanı gətirib.

Yerli medianın yazdığına görə, Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, bu gün Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır.

G.Petrosyan parlamentdə büdcə müzakirəsi zamanı həm də Paşinyanı sərt tənqid edib: "Oğlum 20 gündür ki, cəbhədədir. Ondan nə səs var, nə soraq. Paşinyan populist çıxışlara son qoymalıdır. Savaş başlayanda o, şou göstərirdi, qadın batalyonu yaradırdı, deyirdi ki, bütün məmurlar cəbhəyə gedəcək. Nə oldu bəs? Nikol deyir, cəbhəyə gedən özü ilə forma götürsün. Bəs hanı forma? Hanı silah? Hanı ərzaq? Hanı büdcə?”

Bütün bunlar Ermənistan ordusunda hansı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, bu ölkədə vəziyyətin gündən-günə daha da gərginləşdiyini təsdiq edir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: