Azərbaycan Prezidenti: Ermənistan mənim dediyim öhdəlikləri üzərinə götürsə, gələcək barədə danışa bilərik
İndi regionun muxtariyyəti əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər”.
Prezident İlham Əliyev bildirib ki, onlar yalnız müstəqillik tələb edir və Azərbaycanın bu müstəqilliyi tanımasını istəyirdilər. Onlar bilirdilər ki, biz bunu heç vaxt etməyəcəyik və bununla da münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. “Biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm”, - deyə dövlətimizin başçısı qeyd edib.