Prezident: Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər bu absurd ittihamlardan çəkinməlidirlər
Türkiyədən heç bir hərbi dəstək yoxdur. Bu növbəti təxribat, növbəti feyk xəbərdir. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bunu İspaniyanın EFE agentliyinə müsahibəsində Türkiyənin Azərbaycana hərbi dəstək göstərdiyi barədə ittihamları təkzib edərkən deyib .
Dövlətimizin başçısı bildirib ki, Türkiyənin müasir hərbi avadanlığı Azərbaycana döyüş meydanında çox kömək edir. “Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident mövzu ətrafında söhbəti davam etdirərək deyib ki, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər bu absurd ittihamlardan çəkinməlidirlər”.