Artıq 40 günə yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərinin işğaldan azad edilməsi uğrunda mübarizəsini uğurla davam etdirməkdədir. Bu müddət ərzində Ali Baş Komandanımız müxtəlif əsrlərdə tarixi torpaqlarını itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, gücünü, qürurunu özünə qaytarır, ədalətli mövqedə olmağımızı, beynəlxalq hüquqa hörmət etdiyimizi və heç vaxt torpaqlarımızın işğalda qalması ilə razılaşmadığımızı dünya ictimaiyyəti qarşısında açıq şəkildə və qətiyyətlə bəyan edir. Bir daha sübut etdi ki, bu gün Azərbaycanın apardığı haqq işində heç kim müstəqil dövlətimizi və xalqımızı döndərə bilməz. Çünki Azərbaycanın apardığı mübarizə haqq işidir, ədalətlidir, beynəlxalq hüququn ali prinsiplərinə tamamilə uyğundur.
Məlum olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurasının icra olunmamış 4 qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələri birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməlidir. Bu mənada Azərbaycanın müharibə cəbhəsində beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan hər bir addımı bu mötəbər təşkilatın 27 il həll edə bilmədiyi məsələnin ölkəmiz tərəfindən təkbaşına həll edilməsinə təminat verir. Bu Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin qanunauyğun məntiqi nəticəsi, Güclü Azərbaycan Ordusunun zəfər yürüşlərinin və rəşadətli əsgərlərimizin əsl qəhrəmanlığının real nəticəsidir.
Böyük Qələbə salnaməsinin tarixi səhifələri yazılır
Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə daha da inkişaf etmiş Azərbaycan uğrunda mübarizəyə başlamış Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə həsr olunmuş əsl Lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" təlimini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan və mübarizə aparan Liderdir.
Və bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri Vətən səngərində qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək rəşadətli Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribat zamanı döyüşlərdə haqq yolunda, Vətən yolunda canından keçərək yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı dediyi aşağıdakı sözlər ölkəmizin haqq işinin bir daha təsdiqinin ifadəsidir: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!".
İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan tamamilə qovacaq, xalqımıza zəfər bayramı, əsl qələbə sevinci yaşadacaqdır. Azərbaycan Prezidenti demək olar ki, hər gün özünün rəsmi "Twitter" səhifəsində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibəsində, xalqa müraciətlərində hadisələrin gedişatı ilə bağlı xalqa verdiyi məlumatlar və açıqlamalar əsl liderlik və Ali Baş Komandanlıq missiyasını ən yüksək səviyyədə həyata keçirir. Prezident İlham Əliyevin "Twitter" səhifəsi Azərbaycan xalqının Zəfər kitabı, hər müraciəti Böyük Qələbəyə çağırış, müsahibələri ilə Haqq və Ədalət Bəyanatlarıdır. Ali Baş Komandan İlham Əliyevin aşağıdakı bəyanatı işğalçı Ermənistan tərəfə və onların tərəfdarlarına haqqa çağırış kimi səslənir. "Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür".
Bu gün qəhrəman Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları isə hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Ancaq haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan əsgəri indi 27 il əvvəl itirdiyimiz torpaqların böyük bir hissəsini artıq geri qaytarmışdır. Müharibə dövründə Ali Baş Komandan, ölkə Prezidentimiz İlham Əliyevin böyük qətiyyəti və diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgərdərimizin şücaəti nəticəsində mənfur düşmən tapdağından 4 şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və qəsəbələri, 170-dən çox kəndi, çox əhəmiyyətli strateji yüksəkliklər işğaldan azad olunmuşdur. Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və əsas texnikası məhv edilmişdir. Ermənistan ordusu əsgərlərimizin qarşısında acizlik, fərarilik nümayiş etdirir. Məğlub olduqlarını başa düşüb bütün dünyada hay-küy salaraq imdad diləməyə məcburdurlar. Lakin artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığını yaxşı bilir. Bu həm də ölkə Prezidentimizin milli və dövlətçilik maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenadakı yüksək nüfuzunun məntiqi nəticəsidir. Budur, Ali Baş Komandanımızın ədalətli siyasətinin təntənəsi! Budur, şanlı ordumuzun gücü, budur mübariz igid əsgərlərimizin rəşadəti!
Düzdür, müharibə hələ davam edir, amma döyüşlərin bundan sonrakı gedişatı artıq texniki və zaman məsələsidir. Mahiyyət fazası bitib – Azərbaycan, demək olar ki, müharibənin də, Qarabağın da taleyini artıq həll etmişdir. Hər bir prosesin dəyişmə, dönmə, sınma nöqtəsi olur. Həmin məqam keçiləndən sonra qarşıda nələrin baş verəcəyi bütün tərəflər üçün aydınlaşır və asanlıqla proqnozlaşdırıla bilir. Qarabağ müharibəsində Azərbaycan həmin mövqeləri çoxdan dağıtmış, düşmənin canını boğazına yığmışdır. Azərbaycan əvvəlcədən illər ərzində diplomatik müstəvidə apardığı müharibə qırx günə yaxın müddət ərzində real döyüş cəbhələrində müstəqil dövlətimizin nələrə qadir olduğunu Ermənistana göstərir, dünyada nümayiş etdirir. Ermənistanın isə yalançı, böhtançı, təcavüzkar, işğalçı, terrorçu, məkrli dövlət olduğu bir daha sübut olunmuşdur. Ermənistanın başabəla baş Nazirinin iflasa uğramış siyasəti Ermənistana məğlubiyyət, regiona narahatlıq, qeyri-sabitlik gətirmişdir. Azərbaycan Respublikasının Vətən müharibəsindəki zəfəri ilə erməni xalqı da öz rahatlığını tapa biləcək, Qafqazda sülh və sabitlik təmin olunacaqdır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətində işğalçı Ermənistan dövlətinə layiq olduqları yeri göstərmək haqqındakı bəyanatı düşmənə əsl zərbə və xalqımızın qələbə əzmi kimi səslənir: "Artıq düşmən bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığa atırdı, "yenilməz Ermənistan ordusu" barədə miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan ordusu?". Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq!".
Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin praqmatik siyasəti! Budur, xalqın Prezidenti! Budur Azərbaycan Ordusunun və rəşadətli, xilaskar əsgərlərimizin şücaəti! Prezident Azərbaycan ordusuna və əsgərlərimizin böyük hünərlərinə yüksək qiymət vermişdir. Xalq-Prezident və Ordu birliyi və həmrəyliyi Böyük qələbəyə doğru gedən yolun əsas hərbi-siyasi arsenalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalib Azərbaycan əsgərinin fərqli mövqeyini və qələbə əzmini qiymətləndirərək dediyi aşağıdakı sözlər obyektiv reallığın ifadəsidir: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?".
Bu, qalib Azərbaycanın Ermənistana son çağırışıdır. Düşmən dərs çıxarmağı bacarmalıdır.
Tarixi dəyişən 40 gün…
Göründüyü kimi, cəmi 40 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Cənubi Qafqaz regionunda yeni reallıq bərqərar olsun. Bu 40 gün müddətində terrorçu Ermənistan Respublikasının "status-kvo"su artıq Azərbaycan ordusunun zəfərləri sayəsində ləğv edilmişdir. Artıq yeni tarixi mərhələnin status-kvosunu Azərbaycan müəyyən edəcəkdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də bildirdi ki: ""Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. “Status-kvo” belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orda, döyüş meydanında. “Status-kvo” yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim, heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda yeni və möhtəşəm sülh və əməkdaşlıq xətti quracaqdır
Bəli, hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev xalqımıza qələbə soraqları qazandırır. Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimizlə, həmçinin Birlik nümayiş etdirən xalqımızla qürur duyuruq. Artıq Vətən Müharibəsinin qırxıncı günündən Böyük qələbənin səslərini eşitmək mümkündür. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz İlham Əliyev də öz xalqı, yaratdığı qüdrətli Ordusu və yetişdirdiyi rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu bəyan edir: "Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz".
Prezident İlham Əliyev Azərbaycan xalqına əbədi xoşbəxtlik, ölkəmizə Qələbə qazandıran xoşbəxt dövlət rəhbəridir! Qalib Ali Baş Komandandır. İndi torpaqlarımızı işğalçılardan azad edən qəhrəman əsgərlərimizlə birlikdə bütün Azərbaycan xalqı böyük qürurla deyir: Qarabağ Azərbaycandır! Bu sözün de-fakto real olmasına çox qalmayıb.
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili