Çağırsa ellər, gedərəm davaya
Ol mənə dilbər, gedərəm davaya - "Bizim Cəbiş müəllim" filmində Makedonun dilindən səslənən bu misralar dilimizin əzbəri olub. Ellərin çağırışına cavab verən igid oğullarımız isə bu gün döyüş meydanında tarix yazır. Övladı şəhid olan ana və atalarımız "Vətən sağ olsun!" deyərək, vətənin lazımlı günündə şücaət sərgiləyən oğulları ilə qürur duyurlar. Hansı ki, o oğullar düşmənin gözünə baxanda onun qəlbinə qorxu alovları salır. Bu alovların isə döyüş meydanında düşmən əsgərlərini necə yaxıb-yandırdığını görürük. Ər meydanından qaçan düşmən isə öz ləyaqətini itirir.
Azərbaycanın apardığı əks-hücum əməliyyatlarında düşməni cəzalandıran ordumuzun hissə və bölmələrində Naxçıvandan olan hərbi qulluqçularımız da rəşadət göstərərək düşməni əzib keçirlər. Günnüt zəfəri ilə qələbənin dadını bilən Nuh yurdunun igid oğulları inamla döyüşərək qəhrəmanlıq sərgiləyirlər və bu inam onları Qarabağda - döyüş meydanında müzəffər edir.
Bu gün Ali Baş Komandan İlham Əliyevin öncüllüyü ilə ətrafında milyonlar cəmləşib. Bizim necə bir xalq olduğumuzu həm cəbhədə, həm beynəlxalq müstəvidə dünya ictimaiyyətinə əzbərlədir. Hər iki cəbhənin yükünü peşəkarcasına çiyinlərində daşıyan Ali Baş Komandan xarici KİV-lərə hər müsahibəsində, xalqa hər səslənişində düşmənə və havadarlarına tarix dərsi keçir. Xalqla səmimi olan Ali Baş Komandan ictimaiyyətə məlumatları vaxtında və tam çatdırır: "Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə, onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir".
Ordumuzun döyüş meydanındakı qalibiyyət xəbərlərini xalqla paylaşan Ali Baş Komandan qərəzli suallar səsləndirən xarici jurnalistləri isə diplomatik cavabları ilə mat edir:
Alman jurnalist:
- Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.
Ali Baş Komandan:
- Siz əsgərlərlə danışmısınız?
Alman jurnalist:
- Bəli.
Ali Baş Komandan:
- Döyüş meydanında?
Alman jurnalist:
- Xeyr, döyüş meydanında yox.
Ali Baş Komandan:
- Bəs harada?
Alman jurnalist:
- Bakı şəhərində.
Ali Baş Komandan:
- Onlar burada, Bakıda döyüşürlər?
Alman jurnalist:
- Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.
Ali Baş Komandan:
- İndi burada alman əsgərləri də ola bilər.
Alman jurnalist:
- Siz birgə hərbi təlimlər keçirirsiniz...
Ali Baş Komandan:
- Bəli, bəli, keçiririk.
Alman jurnalist:
- Əgər bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, siz Türkiyədən kömək gözləyərsiniz?
Ali Baş Komandan:
- Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz."
Ordumuz döyüş meydanında kənd, qəsəbə və şəhərlərimizi günbəgün azad edərək, xalqa şad xəbərlər çatdırır, diplomatiyamız xarici müstəvidə hər gün yeni bir uğura imza atır.
Erməni baş nazir isə hər dəfə xalqa səslənişində və xarici KİV-lərə müsahibəsində cəbhədəki məğlubiyyətini yeni yalanlar söyləyərək ört-basdır etməyə çalışır və özünü daha da gülünc hala salır. Biz hər çırpınışda rəzil vəziyyətə düşən erməni "lider" və onun "yenilməz ordusunu" müşahidə edirik. Yeri gəlmişkən, qeyd edək ki, müzəffər oldumuz artıq uydurma "yenilməz ordu" mifini darmadağın edib. Artıq yeni reallıq var; müzəffər Azərbaycan Ordusu!
Bir ölkənin lideri beynəlxalq müstəvidə necə təmsil olunursa, ordusu da döyüş meydanında onu sərgiləyir. Yəni rəzil baş nazirin miskin ordusu hər gün tarixi torpaqlarımızdan rəşadətli Azərbaycan ordusu tərəfindən qovulur. Diplomatiya isə göz qabağındadır. Ali Baş Komandanın deyimi ilə desək: "Kim qaldı ki zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın."
Bizim haqq savaşımızı hər kəs dəstəkləyir. Çünki biz beynəlxalq hüququ bərpa edirik. "Qarabağ məsələsinin hərbi həlli yoxdur" deyənlərə sübut etdik ki, siyasi həllindən öncə hərbi həlli var. Biz düşməni bizim şərtlərlə - haqq olanla - sülhə məcbur edirik. Artıq Paşinyan hakimiyyəti döydüyü qapılardan sülhü dilənir. Peşəkar ordumuzun düşməni tamamilə küncə sıxışdırmasının nəticəsidir ki, uşaqdan böyüyə, dostdan düşmənə kimi hamı qələbənin bizimlə olduğunu görür və dilə gətirir. Erməni tərəfdə isə uşaqlarının yad torpaqlarda ölməsini istəməyən, "qatil Paşinyan" şüarları dillərində olan valideynlər küçələrə çıxıb etirazlarını bildirir, siyasi həmkarları Paşinyana hakimiyyətdən getməsi barədə məsləhətlər verir.
Belə görünür ki, sifarişçilərinin "layihəsi" olan Paşinyan hakimiyyəti elə siyasi arenada da silinmiş bir layihə olacaq. Onun da “narıncı sonluğuna” az qalır desək, yanılmarıq. Bu qələbənin mərkəzində isə, heç şühbəsiz, müasir Azərbaycan ordusu və diplomatiyası dayanır. Ən qısa zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız sonuncu qarışınadək azad olunacaq və o torpaqlarda Üçrəngli Azərbaycan Bayrağı dalğalanacaq.
Bunun üçün isə hər birimiz Ali Baş Komandanın əsgəri olaraq fəaliyyət göstərdiyimiz sahədə həmişəkindən daha da məsuliyyətli olub düşmənə göz açdırmamalıyıq.
Qarabağ Azərbaycandır!
Nicat Quliyev
Naxçıvan televiziyasının baş redaktoru