Noyabrın 6-dan 7-nə keçən gecə saat 2:30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısına və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Fəxri konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, konsulluğun binasına hücumla bağlı Xarkov şəhər polisi tərəfindən cinayət işi başlanılıb.
Qeyd olunub ki, son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.
Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icmasının üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik. Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icmasının üzvlərinə qarşı edilən cinayət xarakterli bu kimi əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq- mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçirəcək.