XİN: Ermənistanın vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirərək dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi noyabrın 7-də Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Bərdə rayonunun kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutulması ilə bağlı məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatda deyilir: “Noyabrın 7-də Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Bərdə rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutulub.
Mövcud humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan dinc azərbaycanlı əhalini hədəfə almaqla beynəlxalq humanitar hüququ və öz öhdəliklərini heçə sayaraq cinayət əməllərini davam etdirir.
Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış̧ evinə mərmi düşməsi nəticəsində 1 mülki şəxs - 16 yaşlı yeniyetmə həlak olub. Beləliklə, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni hərbi təxribatları nəticəsində həlak olan azərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq və beynəlxalq vasitəçilərin davamlı səylərinə hörmətsizlik nümayiş etdirərək təcavüz siyasətini davam etdirməsini və dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq. Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edirik. Bölgədə dayanıqlı sülh təmin olunması üçün vacib şərt işğal faktının aradan qaldırılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasından ibarətdir”.